RU

Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanılıb

Azərbaycanda ilk dəfə “yaşıl büdcə”nin xərcləri açıqlanıb

Noyabrın 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının uğurla başa çatdığını bildirib. Sonra o, 2025-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini bölüşüb. Deyib ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub.

Daha sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib.

O bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər layihələr Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. O, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və digər komitələrin iclaslarında müvafiq dövlət orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə qanun layihələrinin geniş müzakirə olunduğunu deyib.

Makro-iqtisadi göstəricilər barədə məlumatda bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. 2024-cü ilin on ayında müşahidə olunan müsbət makro-iqtisadi meyllər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır. Proqnozlara görə, növbəti ildə ümumi daxili məhsul 3,5 faiz, qeyri-neft-qaz ümumi daxili məhsulu 4,9 faiz artacaq. ÜDM-də qeyri-neft-qaz sektorunun payının 68 faizdən 71,3 faizə çatacağı gözlənilir. Adambaşına ÜDM-in 2025-ci ildə 7412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın səviyyəsi 4,6 faiz nəzərdə tutulur.

Qeyd olunub ki, dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat, kəsiri isə 3 milyard 52 milyon manat proqnozlaşdırılır.

Qeyd edilib ki, büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq. Gəlirlərin 15,5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14,5 milyard manatı Dövlət Neft Fondundan transfertin, 6,6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi xərclərinin 60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir. Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Növbəti ildə minimum əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək.

Komitə sədri söyləyib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində iqtisadi strategiyanın icrası üçün 2,5 milyard manat vəsait nəzərdə tutulur. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulub.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən neftin qiyməti 70 dollar götürülüb. 2025-ci ilin büdcə zərfinə əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transfertlər artırılaraq 14.481 milyon manat nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, sosialyönümlü xərclər 41 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər 21 faizini təşkil edir.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edib. O, Azərbaycan xalqının və dövlətinin bir sıra əlamətdar hadisələrlə yadda qalacaq 2024-cü ili uğurla başa vuracağını qeyd edib.

Maliyyə naziri deyib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icra olunması 2025-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən əsas götürülüb. Eyni zamanda, qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsində təklif olunan 41367,7 milyon manat xərclərin üçdə ikisi və yaxud 27691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaq. Diqqətə çatdırılıb ki, 2025-ci ildə sosialyönümlü xərclər 16910 milyon manat və ya dövlət büdcəsi xərclərini 41 faizini təşkil edəcək. Növbəti ildə əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün 4812 milyon manat, ünvanlı dövlət sosial yardım üçün 457 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılacaq.

Bildirilib ki, büdcə layihəsində təhsil xərclərinə 4946,1 milyon manat ayrılması proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin və keçmiş məcburi köçkünlərin övladları olan tələbələrin, müharibə veteranlarının ali təhsil xərclərinin dövlət hesabına ödənilməsi üçün 41 milyon manat vəsait ayrılacaq.

Səhiyyə xərcləri üçün dövlət büdcəsindən 1999,0 milyon manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 7,1 faiz çoxdur.

2025-ci ildə mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti üzrə ayrılan vəsait cari illə müqayisədə 10,4 faiz artırılaraq 635,0 milyon manat təşkil edəcək.

Dövlət büdcəsi layihəsində iqtisadi fəaliyyət xərclərinə 4444 milyon manat vəsait proqnozlaşdırılır. Bununla yanaşı, kənd təsərrüfatı xərcləri üçün 1172 milyon manat vəsait yönəldiləcək. Növbəti ildə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahəsində aparılan islahatlar çərçivəsində “yaşıl büdcə” üzrə xərclərin işarələnməsinə başlanılıb və bu istiqamət üzrə 1,3 milyon manat vəsait nəzərdə tutulur.

Vurğulanıb ki, 2025-ci ildə ölkəmizin beynəlxalq aləmdə mövqelərinin təmin edilməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq fəaliyyətin həyata keçirilməsi, o cümlədən xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımların göstərilməsi məqsədləri üçün 754,0 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

2025-ci ilin dövlət büdcəsinin xərclərinin maliyyə təminati ilə bağlı diqqətə çatdırılıb ki, xərclərin 92,6 faizinin və ya 38316 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına təmin edilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 540 milyon manat səviyyəsində, Muxtar Respublikaya ayrılan dotasiya isə 320,5 milyon manat proznozlaşdırılır.

Sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov gələn ilin büdcəsinin iqtisadi parametrlərindən danışıb. Bildirib ki, büdcənin tərtibatı prosesində sosial-iqtisadi inkişaf proqnozları baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq gözlənilən risklərin qiymətləndirilməsi üçün istifadə edilib. Qeyd olunub ki, ÜDM-in növbəti ildə 3,5% (qeyri-neft-qaz sektorunda 4,9%), 2025-2028-ci illərdə isə orta illik hesabla 3,3% ( qeyri-neft-qaz sektorunda isə 5%) artacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının hazırki 66,4% səviyyəsindən ortamüddətli dövrün sonuna 77,8%-ə çatacağı gözlənilir. 2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 mlrd. manat, qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılır.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxışında 2024-cü ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə 2025-ci ildə dövlət büdcəsinin cəmi xərclərinin konservativ (5,4%) artımını məqbul qiymətləndirib, 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci il üzrə büdcə kəsirinin 303 mln. manat azaldılmasını da müsbət dəyərləndirib. Diqqətə çatdırılıb ki, aparılan qiymətləndirmələrə görə, 2025-ci ilin dövlət büdcəsində büdcə xərclərinin inflyasiyaya 0,2 faiz bəndi artırıcı təsiri gözlənilir. Bu da əsasən cari xərclərdən irəli gəlir. Hesablamalara görə, əsaslı xərclərin inflyasiya təsiri əhəmiyyətli deyil.

2025-ci il üzrə Mərkəzi Bankın pul siyasətinin prioritetləri barədə danışan Taleh Kazımov əsas məqsədin 12 aylıq inflyasiyanın hədəf diapazonunda saxlanmasının təmin edilməsi olduğunu deyib. O, Mərkəzi Bankın 2025-ci il üzrə iqtisadi artım, inflyasiya, o cümlədən maliyyə sisteminin əsas sektorları üzrə proqnozlarını və qarşıya qoyduğu hədəfləri barədə məlumat verib.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Palata tərəfindən hazırlanmış rəyi təqdim edib.

Palata sədri vurğulayıb ki, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə maliyyələşdirilməsi nəzərdə tutulan ümumi dəyəri 21513,6 mln. manat təşkil edən 169 layihə üzrə proqnozlaşdırılmış vəsaitdən 444,2 mln. manat 14 yeni layihə, 1345,3 mln. manat isə 155 keçid layihəsi üzrə olmuşdur. Ümumi dəyəri 798,4 mln. manat təşkil edən 85 layihənin 2025-ci ildə başa çatdırılması üçün 267,8 mln. manat vəsait proqnozlaşdırılır.

Qeyd olunub ki, növbəti il 3,1 milyard manat proqnozlaşdırılan büdcə kəsirinin 1,8 milyard manatının daxili dövlət borclanması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

2025-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri büdcədənkənar gəlirlərindən 100,0 milyon manat artıq olmaqla 940,0 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 13,1% çoxdur.

Sonra iclasda fasilə elan edilib.

Fasilədən sonra iclasda "Azərbaycan Respublikasının 2025-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Əli Hüseynli, Fazil Mustafa, Zahid Oruc, Tahir Rzayev və başqaları çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 26-da davam etdiriləcək.

XQ

Избранный
27
16
xalqqazeti.az

10Источники