RU

Rusiya–Ukrayna müharibəsi: Avropa təşviş içindədir

Rusiya–Ukrayna savaşı 34 aydır ki, davam edir və son həftələr Rusiyanın rəqibini üstələdiyi açıq-aşkar hiss olunur. Hadisələrin bu məcrada davam etməsi “Köhnə qitə”ni, xüsusilə, Şərqi Avropa dövlətlərini ciddi narahat edir. Ukrayna uduzarsa, Avropa yaxın gələcəkdə məğlubiyyət sindromu ilə üzləşə bilər.

ABŞ-də Donald Tramp seçkiləri udub və Avropa Rusiyanın təhdidləri qarısında tək qala bilər. Hətta NATO-nun “təhlükəsizlik çətiri” belə qitəni Rusiyanın mümkün hücumları qarşısında narahatlığını azaltmır. Gələn il yanvarın 20-də Ağ evdə ali səlahiyyətlərinin icrasına başlayacaq 47-ci prezident isə Avropanın Rusiya ilə “haqq-hesab”ı özünün həll etməli olduğunu söyləyir.

Rusiya–Ukrayna cəbhəsinin bir çox gərgin nöqtələrindən gələn xəbərlər Avropanın narahatlığına ciddi əsaslar olduğuna dəlalət edir. Ukrayna ordusunun yüksək rütbəli hərbi mənbəsi bildirib ki, Ukrayna Rusiyanın Kursk bölgəsində avqust ayında gözlənilməz hücumu nəticəsində sürətlə ələ keçirdiyi ərazilərin 40 fazidən çoxunu itirib, belə ki, Rusiya qüvvələri əks-hücum dalğalarını artırıblar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında olan həmin mənbə, həmçinin bildirib ki, Rusiya Ukraynanın hücumuna hazırlıqsız yaxalanaraq Kursk bölgəsinin bir hissəsinə nəzarəti itirdikdən sonra əraziyə 60 minə yaxın əsgər cəlb edib.

“Maksimum olaraq biz, təxminən, 1376 kvadratkilometr əraziyə nəzarət edirdik. İndi təbii ki, bu ərazi daha kiçikdir. Düşmən əks-hücumlarını artırır”, – deyə mənbə bildirib: “İndi biz, təxminən, 800 kvadratkilometr əraziyə nəzarət edirik. Biz bu ərazini hərbi baxımdan uyğun gələn müddətə qədər saxlayacağıq”.

Kursk hücumu İkinci Dünya müharibəsindən sonra xarici dövlətin Rusiyaya ilk quru hücumu idi və Moskvanı hazırlıqsız tutmuşdur. Ekspertlər qeyd edirlər ki, Rusiya hazırda revanş hissi ilə alışıb yanır.

Kurska zərbə endirməklə Kiyev rəqibin Ukraynanın şərqində və şimal-şərqində hücumlarını dayandırmaq, Rusiyanın şərqdə irəliləyən qüvvələrini tədricən geri çəkməyə məcbur etmək və istənilən sülh danışıqlarında Kiyevə əlavə təsir rıçaqları vermək məqsədi güdürdü.

Lakin Rusiya qüvvələri hələ də Ukraynanın şərqindəki Donetsk bölgəsində davamlı şəkildə irəliləyir. Ukrayna Baş Qərargahındakı mənbə belə bir məqamı da vurğulayıb ki, təxminən, 11 min Şimali Koreya əsgəri Rusiyaya dəstək üçün Kursk bölgəsinə gəlib, lakin onların əsas qüvvələri hərbi təlimlərə cəlb olunub. Moskva Şimali Koreya qüvvələrinin Kurskda olmasını nə təsdiq, nə də təkzib edir.

Ötən həftə müharibənin gedişatı tarixində ən gərgin hadisələrin baş verdiyi diqqətdən yayına bilməz. Belə ki, Ukrayna ilk dəfə olaraq Rusiyaya ABŞ və Böyük Britaniya istehsalı olan raketlər atıb. Rusiya isə buna cavab olaraq “Oreşnik” ballistik raketindən istifadə edib və bu, müharibədə kəskin eskalasiyaya səbəb olub.

Ölkəsinin Ukraynanın Dnepr şəhərinə yeni ballistik raket atmasından bir gün sonra Prezident Vladimir Putin deyib ki, Rusiyanın “istifadə olunmağa hazır” güclü yeni raket ehtiyatı var. Televiziya ilə xalqa müraciətində Rusiya lideri “Oreşnik” raketinin qarşısının alınmasının mümkün olmadığını bildirib və “döyüş şəraiti” də daxil olmaqla, daha çox sınaq keçiriləcəyinə söz verib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə dünya liderlərini “hərəkətlərinin real nəticələrini hiss etməsi” üçün Putinə “ciddi cavab” verməyə çağırıb. Onun sözlərinə görə, Rusiyanın Dneprdə yeni ballistik raketdən istifadə etməsi müharibənin “aydın və şiddətli eskalasiyasını” göstərir.

Rusiyanın əbədi və əzəli rəqibi Polşa da Ukraynada Rusiyanın əlinin güclənməsindən çox narahatdır. Bu ölkənin Baş naziri Donald Tusk müharibənin həlledici mərhələyə daxil olduğunu deyir. Onun sözlərinə görə, qlobal münaqişə təhlükəsi ciddi və realdır. Dünya bunun fərqinə varmalıdır.

Rusiyanın Ukraynaya yeni tip ballistik raketlə hücumu ilə əlaqədar NATO və Ukrayna gələn həftə Brüsseldə təcili danışıqlar aparacaq. Belə görüşün olmasını Kiyev istəyib.

Hərbi alyansın sözçüsü Farah Daxlallah əmindir ki, Rusiyanın noyabrın 21-də Ukraynaya qarşı yeni tipli ballistik raketdən istifadə etməsi “nə münaqişənin gedişatını dəyişdirəcək, nə də NATO-nun Kiyevə dəstəyini əngəlləyəcək”.

Kreml isə bildirib ki, yeni hipersəs ballistik raketdən istifadə edilməsi Qərbə xəbərdarlıq məqsədi daşıyır ki, Moskva onların Ukraynanı dəstəkləyən “ehtiyatsız” qərarlarına və hərəkətlərinə cavab verəcək.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva nüvə başlıqları daşıya bilən yeni raketi Ukraynanın hərbi obyektinə atıb və şübhə etmir ki, Vaşinqton Putinin xəbərdarlığını başa düşüb.

Peskov, həmçinin bildirib ki, Rusiya ABŞ-ni raket zərbəsi ilə bağlı xəbərdar etmək məcburiyyətində deyil, lakin atışdan 30 dəqiqə əvvəl qarşı tərəfi xəbərdar edib. D.Peskov əlavə edib ki, Prezident Vladimir Putin hələ də dialoqa açıqdır.

Atamoğlan Məmmədli,
BDU-nun professoru

Rusiya–Ukrayna münaqişəsi əslində real olaraq Rusiya-Qərb qarşıdurmasına çevrilib. Lakin “Kollektiv Qərb” bu məsələyə münasibətdə Rusiyanın dünyanın iki böyük nüvə dövlətindən biri olduğunu nəzərə alaraq qətiyyətli mövqe nümayiş etdirə bilmir.

ABŞ-də Trampın 4 illik fasilədən sonra ikinci dəfə dövlət başçısı seçilməsi Avropanı seçim qarşısında qoyur. Qitənin iqtisadi lokomotivi sayılan Almaniya başda olmaqla, Avropa ya birbaşa olaraq hərbi münaqişəyə cəlb olunmalı, ya da Rusiyanın Ukrayna ilə bağlı ağır şərtlərini qəbul etməlidir.

Hələlik, Berlin ara-sıra bəyanatlar səsləndirməklə öz missiyasını bitmiş hesab edir. Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynada yeni orta mənzilli ballistik raketdən istifadə etməsini “təhlükəli eskalasiya” adlandırıb. Lakin o deyib ki, Almaniya Ukraynaya “Taurus” qanadlı raketləri göndərməyəcək, çünki NATO ilə Rusiya arasında qarşıdurmanın qarşısını almaq lazımdır.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə Rusiyanı “Avropa ailəsinin bir hissəsi” adlandırsa da, Kremlin Ukraynada davam edən müharibəsini qitənin “sülh mühitinə edilən hücum” kimi qiymətləndirib.

O, Rusiyanı Almaniya da daxil olmaqla, Şərqi Avropa ölkələrinə qarşı kiber hücumlar etməkdə və “qaçqın axını siyasəti” yeritməkdə günahlandırıb. Nazirin sözlərinə görə, Moskva bu yolla Avropa İttifaqını bölməyə və rəsmi Brüsseli Kiyevi dəstəkləməkdən çəkindirməyə çalışır.

Düşünürəm ki, Rusiya–Ukrayna müharibəsində hadisələrin sonrakı gedişatı daha çox ABŞ-nin atdığı addımlardan asılı olacaq. Pentaqon isə tələsir. Onu ingilislərin “Pasifik” adlandırdığı Sakit okean regionunda Çinlə mücadilə gözləyir. Hələlik, tərəflər bir-birlərinə qarşı əzələ nümayiş etdirməklə kifayətlənirlər. Amma ehtiyatsız bir qığılcım yetər ki, bölgədə ağır silahlar “danışmağa başlasın”.


Məsaim ABDULLAYEV
XQ

Избранный
29
50
xalqqazeti.az

10Источники