RU

Kəlbəcər Zəfər: Onu tərif etmək üçün söz yoxdur

Noyabrın 25-də Kəlbəcər Şəhəri Günü qeyd olunub.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, uzun illər düşmən işğalında qalmış Kəlbəcər rayonu da azad edildiyi gün - 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub. Artıq rayonun erməni işğalından azad olunmasından 4 il ötür. 

“Cebheinfo.az”a açıqlamasında “Kəlbəcər harayı” qəzetinin baş redaktoru, Kəlbəcər ziyalısı Zahid Muxtar bildirib ki, Azərbaycan dilinin leksikasında bu qələbəni, Zəfəri  adlandırmaq üçün söz yoxdur:

“İşğaldan azad olunandan sonra Kəlbəcərə gedəndə dizlərimi yerə qoyub torpağı dəfələrlə öpdüm. Çox böyük qürur, təlaş və həyəcan hissi keçirdim. Çünki biz gedib dəfələrlə Murovdan, Kəlbəcərin bir addımlığından, dağların bəri üzündən həsrətlə öz yurdumuzu seyr edib qayıdırdıq. Amma Kəlbəcərin özünə əlimiz, ünümüz yetmirdi.

Şükür bu günə ki, Kəlbəcər azad olundu. Şəxsən mən özüm ora gedəndə dizlərimi yerə qoyub torpağı dəfələrlə öpdüm. Anadan olduğum kəndi, uşaqlığımın, yeniyetməliyimin izlərini gördüyüm yerlərdə az qalırdı ki, həyəcandan ürəyim dayansın”. 

Kəlbəcər ziyalısı qeyd edib ki, mən bu, bütün Azərbaycan xalqının sevincidir:

“Kəlbəcər 5 il ağır müharibə şəraitində oldu, 1993-cü ilin aprel ayının 2-də işğal olundu. Kəlbəcərin 60 min əhalisi respublikanın müxtəlif ərazilərinə səpələndi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qaçqınlara və məcburi köçkünlərə müəyyən imtiyazlar verildi. Yemək xərcləri, ayrı-ayrı yerlərdə yerləşdirilmə, əhalinin məskunlaşmasına çox böyük kömək olundu. Dövlətimizin siyasəti, ordumuzun şücaəti sayəsində 2020-ci il noyabr ayının 25-də Kəlbəcər işğaldan azad olundu.

Kəlbəcərin azad olunması çox möhtəşəm hadisədir. Kəlbəcər işğaldan azad olunandan sonra orda quruculuq işləri başladı. Dəfələrlə gedib gəldik. Yollar çəkilir, infrastruktur, tikinti işləri görülür. Azərbaycanın heç bir yerində olmayan bitkilər Kəlbəcərdə var, onlar ancaq Kəlbəcər dağlarında, yaylaqlarında bitir. Allah ordumuzu var eləsin. Mən şəhər günü münasibətilə dövlətimizin rəhbərinə, Ali Baş Komandana, şücaətli ordumuza minnətdarlıq edirəm.

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. İllərlə həsrətini çəkdiyimiz torpaqlara qovuşduq”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ələmdar Keştəkli isə bildirib ki, Yer kürəsində gözəllikdə Kəlbəcərin tayı-bərabəri yoxdur. Onun sözlərinə görə, Kəlbəcərdə başdan-başa hər bir şey bir möcüzədir:

“Kəlbəcər gözəl diyardır. Azərbaycanın hər bir qarışı qurban olum. Onun doğması, yadı yoxdur. Lakin Kəlbəcər sanki bir dünya gözəlidir. Yer kürəsində onun ikinci bir tayı-bərabəri yoxdur. Müğənni Babək Niftəliyevin oxuduğu “Kəlbəcərim” mahnısının müəllifi mənəm. Kəlbəcərə kim gedirsə ya şair olur, ya aşıq.

O qədər şairlərimiz, ziyalılarımız var ki, saymaqla qurtaran deyil. Kəlbəcər təbiətinin gözəlliyi insanları şair edirdi. Allah dünyasını dəyişən şairlərimizə rəhmət eləsin! Ayrımlı Umud vardı, 120 yaşında şeir yazmışdı. Artıq torpaqlarımız alınıb. Bütün bu dəyərlərimiz araşdırılsa, çox gözəl olar”. 

O, bütün kəlbəcərlilərin bayramını təbrik edib:

“Hazırlaşınlar, yaxın vaxtlarda hamımız Kəlbəcərdə, doğma yurd-yuvamızda əbədi yaşayacağıq. Təsəvvür edin Kəlbəcərdə bir bulaq vardı. yaz ilə yayın orta ayında oradan buz kimi su çıxırdı. O bulağın 3 gün ömrü vardı. Bulaq Dəlidağdadır. Yaz və yayarası əvvəlcə yerin altında böyük səs-küy, gurultu eşidilir. İkinci gün bir-iki saat paslı su gəlir. O paslı sudan sonra 3 gün göz yaşı kimi şəffaf su gəlir. Amma o qədər soyuq olur ki, stəkanın üçdə biri qədər suyu eyni anda götürüb içə bilməzsən.

3 gündən sonra gedib nə qədər gəzsən, orda su tapmazsan. Kəlbəcərdə elə bulaqlar var ki, yayın qızmar çağında orda balta ilə buz sındırmaq mümkündür. Bunlar hamısı möcüzədir. Kəlbəcər şəfalı birkiləri ilə məşhurdu. Onların hamısı can dərmanıdır. İnternetdə qırmızı moruq videosu paylaşıblar. Ona biz pişik çaynağı deyərdik. Bu, o biri moruqlardan deyil. Kəlbəcərdə moruğu əlində əzirdin, onun ətri ətrafa yayılırdı. O qədər gözəl idi”. 

O bildirib ki, Kəlbəcərdə 2 yerdə evi olub:

“Kəlbəcər rayonu Keşlə kəndindəki evim hazırda durur. Düzdür, erməni işğalçıları onu yandırıblar. Amma bir balaca əl gəzdirsən, o evdə yaşamaq mümkündür. Amma şəhərin özündə, Qaçaq Nəbi küçəsində olan evim və o məhləmiz, ümumiyyətlə, dağıdılıb. Heç bir şey qalmayıb.

Bir arzum var ki, öz gücümə, öz imkanıma elə kəndimizdə olan məşhur Şiş qaya var, onun üzərində Cənab Prezidentimiz İlham Əliyevin və qardaş Türkiyəmizin Prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəlini hazırlayım. Sözsüz ki, İmran xanın da”.

Избранный
18
cebheinfo.az

1Источники