Yenidən ABŞ Prezidenti seçilən Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayan kimi vergi tətbiq edəcəyi ölkələrin adlarını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Tramp sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə vergi tətbiq edəcəyini bildirib.
O, minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkib.
Tramp qeyd edib ki, Meksikadan gələn minlərlə insan “karvan”ının hazırda “açıq olan” ABŞ sərhədini keçmək cəhdi qarşısıalınmaz görünür. Tramp açıqlamasında deyib:
"Yanvarın 20-də verdiyim ilk sərəncamlardan biri Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara və onların absurdcasına açıq sərhədlərinə 25 faiz rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarif narkotiklər, xüsusilə fentanil və bütün qeyri-qanuni xaricilərin ölkəmizə hücumunu dayandırana qədər qüvvədə qalacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”