RU

Miçel Sançes - La Liqada noyabr ayının ən yaxşı məşqçisi!

“Jirona”nın baş məşqçisi, ispan mütəxəssis Miçel Anxel Sançes İspaniya La Liqasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.

Noyabr aynda Miçelin çalışdırdığı “Jirona” La Liqa çərçivəsində keçirdiyi hər üç oyunda qalib gəlib. “Jirona” 12-ci, 13- və 14-cü turlarda müvafiq olaraq evdə “Leqanes” (4:3), səfərdə “Xetafe” (1:0) və evdə “Espanyol” (4:1) üzərində qələbələri sıralayıb.

Yekun səsvermədə Miçel Madrid “Atletiko”sunun argentinalı çalışdırıcısı Dieqo Simeoneni və “Real Sosyedad”ın ispaniyalı baş məşqçisi İmanol Alquasili qabaqlayıb. Müvafiq mükafat Miçelin cari mövsümdə ilk mükafatıdır.

14 tudan sonra “Jirona” İspaniya La Liqasının yarış cədvəlində 21 xalla 7-ci pillədə qərarlaşıb.

Miçel “Jirona”nın sükanı arxasında 2021-ci ilin iyulunda keçib və 2021/2022-ci illər mövsümündə uğurlu çıxışla komandanı La Liqaya daşıya bilib. Cari mövsümdə Miçelin “Jirona”sı ötən mövsümdə olduğu kimi inamlı təsir bağışlamasa da, komanda mübarizə ruhunu qorub-saxlayıb. İspan mütəxəssisin “Jirona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Miçelin rəhbərliyi altında “Jirona” ümumilikdə 155 oyuna çıxıb, 76 qələbə qazanıb, 31 heç-heçə edib, 48 məğlubiyyət alıb. Top fərqli isə 258:184 nisbətindədir.

Mütəxəssislərin rəyincə, 49 yaşlı Miçel Sançes ispan məşqçilər arasında ən perspektivlilərdən biri hesab edilir. O, daha öncə “Rayo Valyekano” və “Hueska”nın da baş məşqçisi olub.

Xatırladaq ki, İspaniya La Liqasının cari mövsümündə “Barselona”nın baş məşqçisi Hansi Flik 2 (avqust və oktyabr), “Atletik”i çalışdıran Ernesto Valverde isə 1 dəfə (sentyabr) ayın ən yaxşısı seçilib.

Избранный
12
arena.az

1Источники