Rusiya məhkəməsi ötən il Qurani-Kərimi yandıran Nikita Juraveli "dövlətə xəyanət" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.
"Cebheinfo.az" xəbər verir ki, Volqoqrad Vilayət Məhkəməsinin mətbuat xidmətinin yaydığı bəyanatda Juravelin Rusiya ordusunun Ukraynadakı hərəkətlərinə qarşı çıxdığı, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) göstərişi ilə Qurani-Kərimi yandırdığı və bununla da Rusiyanın təhlükəsizliyini təhdid etdiyi bildirilib. Məhkəmə iclasında Juravelin "dövlətə xəyanət" maddəsi ilə təqsirli bilindiyi cinayətlərə görə 14 il həbs cəzasına məhkum edilib. Juravel iddiaları qəbul edib.
Qeyd edək ki, Nikita Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığı üçün saxlanılaraq Çeçenistana göndərilmişdi. Rusiya Federasiyasının tərkibində olan Çeçenistan Respublikasının məhkəməsi fevralın 27-də Juraveli “mənəvi dəyərləri təhqir etmək və ictimai nizamı pozmaq” ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"