RU

"Ailə qurmağa cəsarət etmirlər..." — Boşanma sayı niyə azalmır?

 Bu ilin yanvar-sentyabr ayları ərzində ötən illə müqayisədə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,1-dən 4,8-ə enib. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Ölkədə hər iki nikahdan biri dağılır. Gənclər tanış olub tez bir zamanda ailə qurur, tez də boşanırlar. Dəbdəbəli toy edib, toyuna yüz minlərlə pul xərcləyən insanlar belə qısa müddət sonra əhəmiyyətsiz bir şeyə görə boşanmaq üçün məhkəmələrdə üz-üzə gələ bilirlər. 

Məsələyə sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında münasibət bildirib. Onun fikrincə boşanmaların əsas səbəbi maddi deyil, mənəvi-psixoloji səbəblərdir:

“Son statistikaya görə Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayında isə azalma müşahidə edilməyib. Hər iki hal təəssüf doğurur. Səbəblər çoxdur. Hər hansı bir sosioloji fenomen, sosial hadisə bir səbəbdən doğmur, müxtəlif səbəblər birləşərək bir hadisəni yaradır. Ailələrdə maddi gözləntilər çoxalıb. Əvvəllər belə deyildi. Əvvəllər az təminatla da ailə qurmağa cəsarət edirdilər, amma indi belə deyil. İndi istəyirlər ki, evim olsun, maşınım olsun, yaxşı işim olsun, rahat həyat təminatım olsun, sonra ailə qurum. Bu həm xanımlara, həm də bəylərə aiddir. Xanımlar da deyirlər ki, təhsil alım, normal işim olsun, sonra ailə qurum. Nəticədə nikahlara cəsarət edənlərin sayı azalır. Bəs, boşanmaların sayında niyə azalma müşahidə edilmir? Az qala, hər iki nikahdan biri boşanma ilə nəticələnir. Bunun da müxtəlif səbəbləri var. Ən əsas səbəb mənəvi-psixoloji vəziyyətdir, maddi vəziyyət deyil. Yəni, tərəflər yola gedə bilmirlər, konfliktləri aradan qaldıra bilmirlər. Xırda bir narazılıqla ailələrdə böyük münaqişələr yaranır və boşanma ilə nəticələnir. Halbuki o xırda narazılığı aradan qaldırmaq olardı”.

Törə Zeynallı
Demokrat.az

Избранный
15
demokrat.az

1Источники