Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 beynəlxalq tədbiri zamanı Bakıya dünyanın müxtəlif ölkələrindən 80 mindən çox qonaq gəldi, şəhərimizin milli mədəniyyəti ilə yaxından tanış oldu.
Bəs görəsən, COP29 Azərbaycan turizminə nələr qatdı? Turistlər paytaxtımızda ən çox nədən məmnun qaldı?
Bu barədə Redaktor.az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi danışdı:
"Belə bir möhtəbər tədbirin keçirilməsi böyük məsuliyyətlə yanaşı, həm də böyük zəhmət tələb edir. Ölkəmiz qısa müddət ərzində belə bir tədbirə hazırlıq işlərinin öhdəsindən gəldi. Apardığımız müşahidələr onu göstərir ki, qonaqlar milli mətbəxdən çox razı qalıb, Bakının səliqə-sahmanına heyran olublar, xalqımızın qonaqpərvərliyi onları çox razı salıb".
Samir Dübəndi hesab edir ki, COP29-un ölkəmizdə keçirilməsi turizmin inkişafı yolunda mühüm rol oynadı, ölkəmizi dünya xalqları üçün daha yaxından tanıtdı:
"Ekokoji və iqlim dəyişməsi problemlərinin məhz Azərbaycanda müzakirə edilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi onu göstərir ki, ölkəmiz ekoloji məsələlərin həllinə sadiqdir, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılır. Ağlllı kəndlərin və şəhərlərin yaradılması, ekoloji həllər, alternativ energetikanın inkişafı və bu sahədə digər mühüm addımların məntiqi davamını biz ölkədə ekoturizmin inkişafında görürük. Düşünürəm ki, növbəti illərdə ekoloji turizm, sağlam qida konseptləri, açıq səma altında aktiv istirahət və bu kimi digər fəaliyyətlər önə çıxacaq və Azərbaycanı işgüzar turizm mərkəzi olması ilə yanaşı, regional ekoturizm mərkəzi kimi də tanıdacaq".
Sevinc İBRAHİMZADƏ