RU

“5-6 ay Leyli rolunu məşq etdim, amma oynamadım, mane ola bilməyiblər, çünki...”

“Muğam da, opera da, vokal sənəti də çox çətindir. İnsandan zəhmət tələb edir. Məni müəllimim Lütfiyar İmanov əlimdən tutub Opera və Balet teatrına apardı. Arıq, hündür qız idim, ərəblərə oxşayırdım. Teatrda çalışmağa həvəsim olmadı. Hətta Leyli roluna da hazırlamışdılar məni, 6 ay məşq etdim, amma oynamadım. İllər keçəndən sonra isə artıq “Leyli və Məcnun”-da Məcnunun anası rolunu oynadım. Məndə muğama böyük həvəs olub, operaya yox. Heç kəs mənim qabağımı kəsməyib. Çalışıblar, amma buna nail olmayıblar. Çünki başımın üstündə Allahım olub, məni çox sevən həyat yoldaşım və xalqım olub. Sevənlərim hər zaman mənə dəstək durub. Özüm də muğamın dəlisi olmuşam. Muğam mənim damarımda axan qanımdır, gedib-gələn nəfəsimdir. Hətta elə muğamlar olub ki, ilk dəfə mən müraciət etmişəm”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış xanəndə Bəsti Sevdiyeva deyib.
 
O daha sonra əlavə edib:
 
 
“Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan. İndi də fikirləşirəm ki, yaxşı ki, zamanında filan muğamı oxudum, səs yazısını yazdırdım. Biz bu muğamları öz başına öyrənməmişik ki! 1973-ci ildə Muğam müsabiqəsində 1-ci, 1975-ci ildə 1-ci yerə çıxmışam. Münsiflər heyətində təsəvvür edin Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Cahangir Cahangirov, Şövkət Ələkbərova, İslam Rzayev kimi sənətkarlar otururdular. Zəhmət çəkib, iş görəndə onun mütləq bəhrəsini görürsən. İndi bəzi gənc sənətçilər sənətə pul qazanmaq üçün, toy repertuarı ilə gəlirlər. Əlbəttə ki, toy da lazımdır, maddiyat da. Amma sənət hər şeydən önəmlidir. Həmin xanəndələrin içində çox istedadlıları var, amma onlar da özlərindən yaxşı mənada istifadə etmirlər”.
 
Bəsti Sevdiyeva deyir ki, uzun illərdir Mədəniyyət və İncəsənət universitetində baş müəllim olaraq çalışır:
 
 
“Uşağa evdə ata-ana necə tərbiyyə verirsə elə də böyüyür. Ali məktəbdə isə artıq onların ağlı kəsir. Yetər ki, uşaqlarla danışasan, ələ alasan. Müəllim çox böyük məvhumdur. O uşaqları necə yönəldirsə, necə tərbiyələndirirsə uşaqlar da elə olur. Mən tələbələrimdən o qədər razıyam ki.. Bir gün görməyəndə mənim üçün darıxırlar. Mən də onlar üçün. Müəllim elə sinifdəki anadır da. Uşağı müəllim yönəltməlidir. Həm tərbiyyəsində, həm istedadında, həm də davamiyyətində.. Mən bugünki gənclikdən məmnunam. Müəllim də təkəbbürlü yox, sadə olmalıdır. Bəzən biri o qədər ərköyün olur ki, ipə-sapa yatmır. O uşağı 2-3 ayın içində elə öyrədirsən ki, ağıllanır. Onlar mənimlə ana-bala kimi dərdləşirlər, bölüşürlər. Gör indi onlar məni o qədər doğma bilir ki, gəlib danışır”.
 
Избранный
18
moderator.az

1Источники