RU

İlham Əliyevlə Tramp arasında telefon danışığı: "Vaşinqton Bakının önəmini anlayır"

"Trampın hakimiyyəti dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitinə müsbət təsir göstərəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampla telefon danışığını şərh edərkən deyib.

Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində beynəlxalq münasibətlər sistemində kifayət qədər aktivlik nümayiş etdirir:

"Ölkəmiz ikitərəfli və çoxtərəfli əməkdaşlıq sistemini quraraq inkişaf etdirir. Azərbaycan Cənubi Qafqazın lokomotiv dövləti olmaqla regionda marağı olan dövlətlərin də diqqət mərkəzindədir. ABŞ-ın da regionumuzla bağlı xüsusi maraqları mövcuddur. Bakı ilə Vaşinqton arasında münasibətlərin normal məcrada inkişafı hər iki tərəfin maraqlarına cavab verir. ABŞ bir çox hallarda, xüsusilə də demokratların hakimiyyəti dövründə, nəzarətindəki siyasi rejimlərdən istifadə edərək, bəzən təhlükəli vəziyyətlərin yaranmasını şərtləndirir. Ermənistanla ABŞ-ın son dövrlərdəki əməkdaşlığı Cənubi Qafqaz üçün birbaşa təhdid yaradır".



Bu mənada, həmdöhbətimiz hesab edir ki, respublikaçıların hakimiyyəti dövründə Vaşiqntonla Bakı arasında münasibətlər bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitinə müsbət təsir göstərəcək:

"İlham Əliyev Tramp prezident seçilməzdən öncə də onun barəsində müsbət fikirlər bildirib. Azərbaycan Prezidenti Trampla son telefon danışığında da Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına onun töhfə verəcəyinə inamını ifadə edib. Bu baxımdan, hesab edirəm ki, sözügedən telefon danışığı olduqca əhəmiyyətlidir. Tramp da telefon danışığını müsbət qiymətləndirib. Demokratların dövründə Azərbaycan öz torpaqlarını azad etdikdən sonra ölkəmizə qarşı aşkar şəkildə qərəzli mövqe nümayiş etdirilirdi".

Ekspert düşünür ki, respublikaçıların iqtidarı dövründə Azərbaycan özünün haqlı mövqelərini daha aydın çatdıracaq və belə qərəzli yanaşmalar ya olmayacaq, ya da bunlar azalacaq:

"İki ölkə liderləri arasında yaxşı münasibətlər fonunda ölkələr arasında əməkdaşlıq daha da sıxlaşacaq. Okeanın o tayında Azərbaycanın əhəmiyyəti aydın dərk edilir. Azərbaycan Avropanın enerji təminatında əlamətdar rol oynayır. Vaşinqton bundan sonrakı dövrdə ölkəmizə qarşı qərəzli mövqe sərgiləməyəcəksə, Trampın iqtidarı dövründə ölkələr arasında münasibətlər normal şəkildə davam və inkişaf edəcək". 

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev noyabrın 25-də ABŞ-ın seçilmiş prezidenti Donald Trampa zəng edib. Telefon danışığı əsnasında İlham Əliyev Donald Trampı ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. İlham Əliyev vurğulayıb ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq. Azərbaycan Prezidenti həmçinin ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib. 

Donald Tramp öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib. 

Rüfət Sultan
Избранный
3
50
qaynarinfo.az

10Источники