"Sosial müdafiə və sosial təminat xərclərində artım yetərli deyil. Belə ki, bu büdcə 2023-cü illə müqayisədə 12.4, 2024-cü illə müqayisədə isə cəmi 9,6 faiz artımı nəzərdə tutur. Burada önəmli məsələlərdən biri pensiyalarla bağlıdır. Ümumiyyətlə hökumətin pensiya təminatı məsələsinə yenidən baxması lazımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Deputat vurğulayıb ki, pensiya yaşının yuxarı olması səbəbilə bir sıra hallarda uzun illər işləyib əmək haqqından müvafiq ödəmələr edən şəxslər pensiya yaşı çatmadan və ya pensiyaya çıxandan qısa müddət sonra dünyasını dəyişirlər:
"Konkret rəqəmlərə baxsaq görərik ki, 2021-ci ildə ölkədə pensiyaçıların sayı 1.228.800 nəfər, 2022-ci ildə 1.200.500 nəfər, 2023-cü ildə 1.114.000 nəfər və nəhayət 2024-cü ildə 1.098.000 nəfər olub. Yəni, pensiyaçıların sayının hər keçən il azaldığı müşahidə olunur. Odur ki, pensiya yaşının azaldılması ilə bağlı, eləcə də pensiya yaşı çatan şəxsin işdən çıxmasından sonra da əmək qabiliyyətini ifadə edə bilməsi üçün pensiyaya çıxan hər bir şəsxin pensiya fondunda yığılmış vəsaitinin müəyyən bir qisminin birdəfəlik ödənilməsi daha düzgün yanaşma olardı. Beynəlxalq təcrübədə, məsələn elə Türkiyə və İranda bu sistem uğurla tətbiq olunur".
Arzuxan Əlizadə təklif edib ki, pensiya yaşının azaldılması zamanı ayrı-ayrı sahələr üzrə mütəxəssislərin pensiyaya çıxmasında könüllülük prinsipi də tətbiq olunmaldır:
"Məsələn, 65 yaş müəllim və həkimlərin mütləq şəkildə pensiyaya çıxmasını şərtləndirməməlidir. Düzdür, bu kateqoriyadan olan insanımız 70 yaşa qədər hər il 1 illik müqavilə əsasında işdə qala bilirlər. Amma bu özü də bəzi halda neqativ halların yaranmasına səbəb olur. Ümumiyyətlə, Azərbaycanda pensiya kapitalının vərəsəlik hüququnun olmaması, eyni zamanda, kapitalın müəyyən hissəsini bir dəfəyə almaq hüququnun olmaması əmək pensiyası sistemi üçün stimulları zəiflədir, əməyin aktivliyini azaldır. Elə bunun nəticəsidir ki, ölkədə əmək qabiliyyətli insanların sayı təqribən 5 milyon nəfər olmasına baxmayaraq əmək müqaaviləsi olanların sayı cəmi 1 milyon 749 mindir. Bu da o deməkdir ki, işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur”.
Deputat müharibə veteranlarına ödənilən vəsaitlə bağlı da münasibət bildirib:
"2019-cu ildən etibarən müharibə veteranlarına ödənilən müavinatın həcminin 80 manat saxlanılması ədalətli yanaşma deyil. Əvvəla ona görə ki, biz artıq qalib xalqıq və vətən müharibəsində iştirak edən hər bir əsgər və zabitimiz qəhrəmanlardır. İkincisi, bu 5 il ərzində ölkədə inflayasiya olub, kommunal xərclərdə, nəqliyyat xərclərində artımlar olub və belə olan halda beş il əvvəl ödənilən vəsaiti olduğu kimi saxlamaq yetərli hesab olunmamalıdır. Çünki 5 il əvvəlki 80 manat artıq eyni dəyərdə deyil. Nəinki 5 il əvvəl, heç 2006-cı ildə verilən 55 manat dəyərində də deyil. Çünki o zaman 55 manat təqribən 70 dollar dəyərində idi ki, bu da indi 120 manata bərabərdir”.
Arzuxan Əlizadə təhsil və səhiyyə işçilərinin təqaüdünün azlığından narahat olduğunu diqqətə çatdırıb:
"Belə ki, əvvəlki illəridə mövcud olmuş az məvaciblə təqaüdə çıxan müəllimlər və həkimlər aldıqları məvacib müqabilində olduqca az təqaüd alırlar. Bu səbəbdən də həyatının əhəmiyyətli hissəsini insanımızın təhsil almasına həsr edən müəllimlərin və sağlamlığımızın keşiyində dayanan həkimlərin aldığı təqaüd çox azdır və heç dərman almağa çatmır. O səbəbdən hər iki həssas qrupun təqaüdlərini artırmağa ciddi ehtiyac var”.
Bahar Rüstəmli