Yaponiyada yeni “Epsilon S” raketinin mühərrikinin ikinci mərhələ sınaqları zamanı partlayış və yanğın baş verib.
News24.az Söz.az-a istinadən xəbər verir ki, bunu ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.
Onun sözlərinə görə, insident Yaponiya Aerokosmik Agentliyi JAXA-nın Taneqasima Kosmik Mərkəzində bərk yanacaqla işləyən raket sınaq poliqonunda baş verib.
“Bu gün yeni “Epsilon S” raketinin ikinci mərhələ mühərrikinin sınaqdan keçirilməsi zamanı partlayış baş verib. Sınaqlar girişin əvvəlcədən qadağan olunduğu ərazidə aparılıb. Bu saata kimi bizə məlumat verilib ki, heç kim xəsarət almayıb”, - deyə Hayaşi bildirib.
Sınaqlar 120 saniyə davam etməli olub, lakin artıq 30-cu saniyədə yanğın və partlayış baş verib.
Qeyd edək ki, Yaponiya 2013-cü ildən kiçik peykləri orbitə buraxmaq üçün “Epsilon” raketlərindən istifadə edir.