“Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn ilin may-iyul aylarında Cənubi Koreyanın paytaxtı Seula birbaşa uçuşlar həyata keçirəcək.
İndex.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Cənubi Koreyanın paytaxtı Seulda ölkəmizin turizm potensialının təbliğatı məqsədilə tədbir təşkil olunub.
Məlumata görə, tədbirdə 2025-ci ilin mayından etibarən Seulla Bakı arasında həftədə bir dəfə olmaqla cümə günləri Cənubi Koreya tur operatorlarının təşkil edəcəyi birbaşa uçuşların anonsu verilib. 2025-ci ilin iyul ayının ortalarına kimi həyata keçirilməsi planlaşdırılan uçuşları AZAL yerinə yetirəcək.
Tədbirdə çıxış edən Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov birbaşa uçuşların iki ölkə arasında əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turist mübadiləsinə töhfə verəcəyini bildirib.
Şəbəkələşmə tədbirində Koreyanın turizm sənayesinin təmsilçiləri, media nümayəndələri və influenserlərlə yanaşı, Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Azərbaycanın təbiəti, tarixi məkanları, maddi və mədəni irs nümunələri, Bakının müasir memarlıq nümunələri, UNESCO-nun irs siyahısına daxil edilmiş abidələr və müxtəlif turizm növləri haqqında ətraflı məlumat verilib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn Cənubi Koreya vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91 % artıb.