RU

Büdcəmizdən 1 milyard manatın ayrıldığı İqlim üzrə mitiqasiya tədbirləri nədir?..

Image

Rövşən Abbasov: “İqlim dəyişmələrinə qarşı mübarizə və yeni milli töhfə sənədlərinin qəbul olunmasına keçid baxımından çox böyük əhəmiyyət kəsb edir”

Azərbaycanda iqlim dəyikiliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi istiqamətində büdcə islahatlarına başlanılıb. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında deyib.

O bildirib ki, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sektoru, ekoloji profilli büdcə fondları və 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində "yaşıl büdcə" üzrə xərclərin işarələnməsinə başlanılıb: “2025-ci ildə bu istiqamət üzrə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə, 300 milyon manatı isə ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldiləcək". 

Qeyd edilib ki, 2025-ci ildə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə yönləndiriləcək. Maraqlıdır, iqlim dəyişmələri üzrə adaptasiya və mitiqasiya tədbirləri nədir? Bunun iqlim dəyişmələrinə nə kimi təsiri olacaq?

“Ətraf mühitin mühafizəsi, atmosferə atılan zəhərli qazlar, flora və faunanın qiymətləndirilməsi, su ehtiyatlarının qorunması və düzgün istifadə, bunlar hamısı müasir dövrün başlıca problemləridir”

Ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, adaptasiya uyğunlaşma deməkdir: “İqlim dəyişmələrinə qarşı mübarizə və yeni milli töhfə sənədlərinin qəbul olunmasına keçid baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu maliyyə yeni infrastruktura, alternativ enerji mənbələrinin istehsal proseslərinin təşkilinə, istiliyə davamlı yeni meşə massivlərinin salınmasına, iqlimə adaptasiya proseslərinin gücləndirilməsinə bu kimi bütün məsələlərə sərf olunacaq. Təsəvvür edin ki, biz ənənəvi avtomobillərdən elektrik avtomobillərinə keçiriksə, bu zaman hökmən elektrik enerjisinin mənbəyini də alternativ enerjidən təşkil etməliyik. Başqa halda bunun o qədər də əhəmiyyəti olmur. Bu isə günəş və külək enerjisi ola bilər ki, onların tikintisi, istifadəyə verilməsi və şəbəkəyə qoşulması üçün çox böyük xərclər lazımdır. Məhz Azərbaycanın təşəbbüsü ilə yeni bir fondun yaradılacağı gözlənilir. Bu fond o məqsədi daşıyacaq ki, neft istehsal edən ölkələr mütləq şəkildə inkişafda olan ölkələrə iqlim dəyişmələri ilə mübarizədə onların milli töhfə sənədlərinin həyata keçirilməsində kömək edə bilsinlər. Bu həm də Azərbaycanın neft ölkəsi kimi öz gələcəyini necə görməsini ortalığa qoyur. Bilirik ki, Azərbaycanda milli töhfə sənədi kifayət qədər ambisiyalı sənəddir. Bu məqsədlə ölkəmizdə çox böyük elektrik stansiyaları tikilir. Günəş, külək elektrik stansiyaları istifadəyə verilir. Azərbaycanın enerji istehsalı payında alternativ enerji mənbələrinin gücü artırılır. Paralel olaraq bizdə milli adaptasiya planı hazırlanır. Mitiqasiya böyük ölçüdə karbon emissiyalarını azaltmağa yönəldilən investisiyadır”. 

Ekspert hesab edir ki, beynəlxalq tədbirlərin keçirilməsi qlobal iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində mühüm işlərin görülməsi üçün imkanlar yarada bilər: “Ətraf mühitin mühafizəsi, atmosferə atılan zəhərli qazlar, flora və faunanın qiymətləndirilməsi, su ehtiyatlarının qorunması və düzgün istifadə, bunlar hamısı müasir dövrün başlıca problemləridir. Ona görə də biz təbiətimizin mühafizəsinə səy göstərməliyik”. 

Günel CƏLİLOVA





Избранный
21
baki-xeber.com

1Источники