QHT.az olaraq, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Qadın Dəstək Xəttinin rəhbəri Kəmalə Aşumova ilə qadın hüquqları və zorakılığın qarşısının alınması mövzusunda söhbət etdik. Aşumova, təşkilatının gələcək fəaliyyətlərindən, zorakılığa məruz qalmış qadınlara verdiyi dəstəkdən və bu istiqamətdə həyata keçirəcəkləri layihələrdən danışdı.
QHT.az: Gələcəkdə qadın hüquqlarının qorunması və zorakılığın qarşısını almaq üçün hansı layihələr həyata keçirməyi planlaşdırırsınız?
Kəmalə Aşumova: Təşkilatımız nəzdində fəaliyyət göstərən Qadın dəstək xətti olaraq fəaliyyətimizi davam etdirir, qadın hüquqlarının qorunması və zorakılığın qarşısının alınması üçün müxtəlif fəaliyyətlər icra edirik. Bildirmək istəyirəm ki, bu fəaliyyətlər gələcəkdə də öz aktuallığını qoruyub saxlayacaq. Qadın hüquqları, gender bərabərliyi və zorakılığın qarşısının alınması mövzusunda müxtəlif kontentlər yaradaraq sosial mediada çağırış kompaniyaları təşkil etmək, öz maarifləndirici materiallarımızı daha geniş kütləyə çatması üçün müxtəlif tanınmış şəxslərlə əməkdaşlıq edərək sosial medianın gücündən dəstək almaq bizim həyata keçirəcəyimiz fəaliyyətlər arasındadır. Həmçinin təcili təxirəsalınmaz müdaxilə göstərmək, telefonda psixoloji, sosial və hüquqi dəstək göstərməyə davam edəcək, bütün qadınların hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunması üçün zəruri addımları atmağa davam edəcəyik.
QHT.az: Sizcə, zorakılığın qarşısını almaqda kişilərin və ailə üzvlərinin rolu nə qədər əhəmiyyətlidir?
Kəmalə Aşumova: Zorakılıqla mübarizədə kişilərin və ailə üzvlərinin tutduğu mövqe olduqca əhəmiyyətlidir. Belə ki, kişilər zorakılığa yol verməməklə nümunə olmalı və gender stereotiplərini dəstəkləməməlidirlər. Ailənin hörmət və bərabərlik əsasında fəaliyyət göstərən bir müəssisə olmasını təmin edərək öz uşaqlarına sağlam münasibət modelləri göstərməlidirlər. Bütün bunlarla yanaşı gender həssas olan maarifləndirici kontentlərdə iştirak edərək zorakılığın sosiuma gətirdiyi problemləri anlamaqda insanlara kömək etməlidirlər. Həmçinin zorakılığa məruz qalan qadınlara ailə üzvləri tərəfindən dəstək göstərilməsi çox vacibdir. Erkən işarələri tanıyaraq öz ailə üzvlərinin təhlükəsizliyini təmin edə, ailə dəyərlərini dəyişərək zorakılığı qınayan bir mühit yarada bilərlər.
QHT.az: Zorakılığa məruz qalmış qadınlara ilk addımda hansı tövsiyələri verərdiniz?
Kəmalə Aşumova: Zorakılığa məruz qalan qadınlar öncəliklə içərisində olduqları vəziyyəti anlamaqda çətinlik çəkə bilər. Ona görə də ilk addım onların zorakılıq dövrəsi ilə bağlı maariflənməsi olmalıdır. Zorakılıq Dövrəsi qadınlara qarşı məişət zorakılığını başa düşmək və onun təkrarlanan nümunələrini görmək üçün təsvir edilən bir modeldir. Bu dövrə gərginlik mərhələsi, zorakılıq mərhələsi, adlı üç əsas hissədən ibarətdir. Gərginlik mərhələsində zorakılıq edən şəxs qəzəbli, əsəbi və gərgin olur. Qadın isə adətən bu davranışlara uyğunlaşmağa, konfliktlərdən uzaqlaşmağa və qarşı tərəfi sakitləşdirməyə çalışır. Zorakılıq mərhələsində şiddət tam şəkildə özünü göstərir. Bu fiziki, psixoloji, cinsi və ya iqtisadi zorakılıq şəklində ola bilər. Qadın bu mərhələdə ciddi qorxu və təşviş hissləri keçirir. Adətən bu mərhələ ən qısa, amma ən dağıdıcı hissədir. Sonuncu mərhələ isə barışıq və vəd mərhələsidir. Zorakılıq edən şəxs peşmanlıq göstərir, bağışlanmaq istəyir və daha yaxşı olacağına söz verir. Sevgi, diqqət və qayğı ilə qadını yenidən inandırmağa çalışır. Elə buna görədir ki, qadınlar çox vaxt vədlərə inanaraq mərhələdə qadın ümidlə qarşı tərəfin dəyişəcəyini düşünür. Amma nəzərə alınmalıdır ki, bu bir dövrədir və hadisələr periodik təkrarlanacaqdır. Bu dövrəni qırmaq mümkündür, dövrədən çıxmaq üçün ilk addım qadının təhlükəsizliyini təmin edərək, peşəkar dəstək axtarmaqdır. Peşəkar dəstəyin ən yaxşı nümunəsi olaraq "Ümidli Gələcək" STİB-in xidmət mərkəzi olan Qadın Dəstək Xidmətinə müraciət etməyin vacibliyini vurğulaya bilərik. “Qadın Dəstək Xətti” xidməti psixoloji dəstəyə ehtiyacı olan, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, məişət zorakılığı ilə üzləşən qadınlara 24/7 yardım və xidmət istiqamətində fəaliyyətini davam edir. Qadın Dəstək Xəttin əsas məqsədi - Məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, hüquqi və sosial dəstəyin təmin edilməsi və zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün onlara birbaşa icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirmək yolu ilə müvafiq yardım göstərilərək, qurban qadınlara və onların uşaqlarına həm qısamüddətli, həm də uzunmüddətli fərdi ehtiyaclarına cavab verəcək fəaliyyətin təşkilinə yönəlməsidir. “Qadın Dəstək Xətti”nə müraciət edənlər peşəkar işçi heyəti tərəfindən hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumatlandırılma, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstəklə təmin olunurlar. Son olaraq bildirmək istəyirəm ki, yardım istəmək zəiflik deyil, əksinə, güclü olmaq uğrunda atılan ilk addımdır. Qadın Dəstək Xidməti hər zaman qadınların yanındadır və onları zorakılıq dövrəsindən azad olmaqda dəstəkləməyə hazırdır.
QHT.az: Kəmalə xanım, zaman ayırıb bu vacib mövzuda bizimlə söhbət etdiyiniz üçün sizə təşəkkür edirik. Sizin təşkilatınızın qadınlara verdiyi dəstək və zorakılıqla mübarizə sahəsindəki işləri çox dəyərlidir. Ümid edirik ki, bu fəaliyyətlər daha çox insanın həyatını müsbət yöndə dəyişdirəcək və gələcəkdə daha çox qadın zorakılıq dövrəsindən azad ola biləcək. Uğurlarınızın davamını arzulayırıq!
Pərvanə Fərhadqızı
QHT.az