RU

Ermənistanda Paşinyanın "konstitusiya göstərişini" saya salan yoxdur...

Image

Bəlli olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasını əngəlləyən başlıca faktor ikincinin konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbit edilməsidir. Bu, sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var. 1989-cu il 1 dekabr tarixli bu sənədə əsasən, Dağlıq Qarabağ vilayəti Ermənistana birləşdirilməlidir. Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu məsələni aradan qaldırmağa tələsmir. Bu fonda o da xüsusi diqqət çəkir ki, baş nazir Nikol Paşinyan altı ay öncə Ermənistanın yeni konstitusiyasını hazırlamağı tapşırsa da, bu işə məsul ayrıca hökumət komissiyası hələ də müzakirələrə başlamayıb. Paşinyanın 2022-ci ildə yaratdığı Konstitusiya İslahatı Şurasının ilkin məqsədi mövcud konstitusiyaya düzəlişlər etmək idi. Bu ilin mayında baş nazir göstəriş verib ki, Şura 2027-ci ilin yanvarınadək yeni konstitusiya layihəsini hazırlasın. Həmin addım Azərbaycanın konstitusiyaya dəyişiklik tələbi ilə üst-üstə düşüb. Müxalifətin Azərbaycanın basqısına boyun əydiyi barədə ittihamlarını rədd edən Paşinyan eyni zamanda Bakının tələbini qəbul etməsi barədə birmənalı olmayan işarələr verir. O, noyabrın 13-də məlum tələbi rədd etsə də, ertəsi gün sözügedən bəyannaməyə tənqidini gücləndirib. Ədliyyə nazirinin müavini Tiqran Dadunts bildirib ki, Şura hələ nə konstitusiyanın yeni layihəsini, nə də preambula məsələsini müzakirə edib.

Yeni konstitusiyasının qəbuluna dair referendumun 2026-cı ilin iyunundakı parlament seçkilərindən sonra - 2027-cildə keçirilməsi nəzərdə tutulub. Yeni konstitusiya layihəsinin hazırlanmasına cəlb olunan bəzi vətəndaş cəmiyyəti fəalları və siyasətçilər məsələ barədə nikbin düşüncədə deyillər. Onların fikrincə, ölkənin yeni ali qanunu ya sözügedən tarixdən gec, ya da heç hazır olmaya bilər.

Yuxarıda qeyd edildiyi kimi Nikol Paşinyan noyabrın 14-də ölkəsinin 1990-cı ildə qəbul olunmuş müstəqillik bəyannaməsini tənqid edib: “Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam, dəhşətli bir qənaətə gəlmişəm ki, onun məzmunundan belə çıxır, Ermənistan Respublikası mövcud ola bilməz”. Amma məsələnin həlli istiqamətində əməli addımlar atılmır. Halbuki, Ermənistan həqiqətən də sülh müqaviləsi istəyirsə, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı ali sənədlərdə düzəliş etməlidir. Çünki, bu olmayacağı təqdirdə Ermənistan Konstitusiya Məhkəməsi hər an sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyini bəhanə edərək, müqavilədən boyun qaçıra bilər. Ekspertlərə görə, Ermənistanın Azərbaycanla nəqliyyat və rabitə əlaqələrinin açılmasına razılaşmaması iki ölkə arasında sülhə nail olunması və iqtisadi inkişaf baxımından ciddi maneələr yaradır. Kommunikasiyaların bərpası həm regional sabitlik, həm də iqtisadi inteqrasiya üçün əhəmiyyətli bir addım olardı. Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsi, regiondakı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və ticarətin genişlənməsinə gətirib çıxarır. Bu isə uzunmüddətli sülhün təməlini qoymağa yardım edərdi. Amma İrəvan hələ də bu reallığı qəbul etmir. Ermənistanın bu yöndə passiv qalması, yalnız öz iqtisadi və siyasi vəziyyətini deyil, həm də bölgədə sülhə nail olmaq üçün vacib imkanları məhdudlaşdırır. Sülh üçün Azərbaycanın tələbi qətidir və heç bir şəkildə mübahisələndirilə bilməz. Ermənistan Konstritusiyasında ərazi iddiası məsələsi aradan qaldırmalıdır. İrəvan səmimiyyət quruculuğu baxımından daha ciddi addımlar atmalı, separatçılıq və işğalçılıq üçün, belə demək mümkünsə, heç bir hüquqiləşdirilmiş əsasın qalmadığını göstərməlidir. Amma bunu etmir. Bu fonda Azərbaycan və Türkiyəyə qarşı hüquqi olaraq ərazi iddiaları irəli sürən mövcud Ermənistan konstitusiyası bölgədə davamlı və uzunmüddətli sülhə qarşı təhdid formalaşdırır. Azərbaycan bu təhdidin aradan qalxması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəyir və bunun üçün konkret səbəblər də mövcuddur. Əvvəla, elə sülh razılaşması üzrə aparılan danışıqların əsas məntiqini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması təşkil edir. İki ölkə arasındakı iki Qarabağ müharibəsi elə məhz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və pozması səbəbindən baş verdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh razılaşması üçün Ermənistana təklif etdiyi 5 maddə içində qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasının labüdlüyü aydın şəkildə qeyd edilir. Lakin Ermənistan Konstitusiyası dəyişməsə, bu sülh sazişi hüquqi cəhətdən etibarsız sayılacaq. Yəni Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan bir ölkə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyin tanınmasına dair imzaladığı anlaşma hüquqi cəhətdən etibarlı olmayacaq. Bunu İrəvan mütləq şəkildə nəzərə almalıdır.

Tahir TAĞIYEV





Избранный
13
baki-xeber.com

1Источники