RU

Rusiya-Ermənistan ticarəti müəmmalı şəkildə 16 milyard dollara çıxıb...

Image

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 6 dəfə artıb

Rusiya ilə Ermənistan arasında ciddi siyasi qalmaqal yaşanmaqdadır. Ermənistan KTMT-də fəaliyyətini dondurduğunu bəyan edib, bu təşkilatın heç bir tədbirinə qatılmır.

Digər tərəfdən də bu ilin avqust ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Qoşunları Ermənistanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarıldı. Bunun ardınca isə rus sərhədçiləri İran-Ermənistan sərhədinin sərhəd-keçid məntəqəsini erməni sərhədçilərinə təhvil verdilər. Hazırda rus sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən də çıxarılması barədə danışıqlar gedir. Nikol Paşinyan bir sıra müsahibələrində rus qoşunlarının Gümrüdə yerləşən 102-ci bazasının da ləğv edilməsinin hədəflərindən biri olduğunu bəyan edib. Yəni faktiki olaraq Ermənistan zaman-zaman Rusiyadan uzaqlaşır. Amma buna baxmayaraq, bu iki ölkə arasında ticarət dövriyyəsi son üç ildə 6 dəfədən cox artıb. Rusiya-Ukrayna müharibəsindən əvvəlki ildə, yəni 2021-ci ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 2,6 milyard dollar olub. Lakin Rusiya bu ilin sonuna kimi Ermənistanla ticarət dövriyyəsinin rekord həcmə - 16 milyard dollara çatacağını gözləyir.

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Konkret rəqəmlər haqqında danışsaq, artıq 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dollar həddini keçərək, bütün ötən ilin göstəricilərini – 7,4 milyard dolları ötüb, 14-16 milyard dollardır”, - deyə o qeyd edib.

Səfir vurğulayıb ki, hazırda Ermənistanda birgə iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması istiqamətində iş aparılır. Onların Ermənistan sənayesinin inkişafına töhfə verəcəyi nəzərdə tutulur.

Müqayisə üçün bildirək ki, ötən il Ermənistanın ümumdaxili məhsulu (ÜDM) 24,21 milyard dollar, Azərbaycanda isə bu rəqəm 72,36 milyard dollar olmasına rəğmən, 2023-cü ildə Ermənistan ilə Rusiya arasinda ticarət dövriyyəsi 7,4 milyard, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi isə 3,44 milyard dollar təşkil edib. 2024-cü ilin oktyabr ayına qədər Moskvanın Bakı ilə ticarət dövriyyəsi 3,94 milyarda, İravanla isə bu reqəm 14 milyard dollara çatıb.

Elə isə, aralarında bu qədər siyasi gərginlik olan Moskva ilə İrəvanın ticarət əlaqəsi nədən bu qədər yüksək templə artir? Özü də bu artım templəri Rusiyanın Ukraynaya hücumundan sonra 6 dəfədən çox artıb.

Əvvəlcə onu qeyd edək ki, Ermənistan Qərbdən və ərəb ölkələrindən, o cümlədən də Səudiyyə Ərəbistanından Rusiyaya vacib olan elektronika məhsulları - çıplər və digər növ diodlar idxal edir və sonradan onu Moskvaya ixrac edir. Hansı ki, bu məhsulların Rusiyaya ixrac edilməsi sanksiyalar  altındadır.

Digər tərəfdən, Rusiya Ermənistana çəkisi az, qiyməti çox olan məhsullar - qiymətli metallar və daşlar ixrac edir. Ermənistan isə bu məhsulları öz növbəsində ərəb ölkələrinə öz məhsulu kimi satır. Məsələn, son üç ildə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliyi ilə ticarət dövriyyəsi 3 il ərzində orta hesabla dörd dəfə artaraq 10 milyard dolları keçib. Yəni Ermənistan həm Rusiyanın qiymətli metallarını satmaqla onu valyuta ilə, həm də hərbi texnika üçün elektronika materialları ilə təmin edir. Moskvaya valyuta və elektronika materialları lazımdir, İrəvana isə pul qazanmaq üçün ticarət...

Bununla yanası, Ermənistan iqtisadiyyatı hazırda əsasən rus biznes strukturlarının inhisarındadır. Ermənistan Rusiyadan siyasi cəhətdən uzaqlaşdıqca Moskva bu ölkəyə investisiya yatırımlarını artıraraq onu iqtisadi asılılıqda saxlamaq istəyir. Ermənistana isə bu investisiya hava-su kimi lazımdır, ona görə də siyasi hakimiyyət rus investisiyasından imtina edə bilmir.

Eyni zamanda, Qərb də Ermənistana investisiyalarını artırır ki, İrəvanın Moskvadan iqtisadi asılılığı azalsın. Paşinyan hakimiyyəti isə hələ ki, nə Qərb, nə də rus investisiyasından imtina etmək fikrindədir, bu da ölkədə, hələ ki, iqtisadi artımı stimullaşdırır. Bu durum Ermənistanda 2026-cı il seçkilərinə qədər davam edəcək. Paşinyan yenidən hakimiyyətdə qala bilsə, bu ehtimal çox böyükdür, bundan sonra Qərb ondan siyasi seçim etməyi mütləq istəyəcek. Ermənistanın ağir günləri məhz onda başlayacaq. Məhz ona görə beynəlxalq ekspertlər Ermənistanda ÜDM artımları tempinin 2026-cı ildən sonra kəskin azalacağını proqnozlaşdırır.

Akif NƏSİRLİ





Избранный
18
baki-xeber.com

1Источники