“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in fəsadlarından söhbət açaraq, yaranmış vəziyyəti şərh edib.
Arena.az xatırladır ki, “Mançester Siti” ardıcıl 5 oyunda məğlubiyyət acısı yaşayıb ki, bu da Qvardiolanın məşqçilik karyerasında şəxsi antirekordu olaraq əlamətdardır.
İlk növbədə, “Pep” yaranmış vəziyyətin “şəhərlilər”in “vuran ayağı”, norveçli mərkəz hücumçusu, “qolçu vikinq” Erlinq Halandla əlaqədar olmadığını qətiyyətlə vurğulayıb:
“O, hədəfə düşür. Bəzən vəziyyəti qapıçı xilas edir. Səbəb Erlinq deyil. Erlinq olmasaydı, bizim üçün daha çətin olardı. Bizim, cinah hücumçuları ilə bağlı fəsadlarımız var: ixtiyarımızda dörd-beşi var, amma sırada yalnız bir nəfəri əlçatandır. Erlinqdən sonra bizim qolçularımız Con (Stounz), Yoşko (Qvardiol) və Kovaçiçdir – bu, adi təzahür deyil. Biz sağ qalmaq urğunda mübarizə aparmalı və daha çox fürsət yaratmalıyıq. Erlinqə sahib olduğumuz üçün bəxtimiz gətirib. Onun hər oyunda onun üç-dörd fürsəti olur. Gələndən bəri etdiyi kimi, bir gün iki-üç qol vuracaq. Mənə Erlinqin qollarından asılı olmayan bir komandanın adını çəkin. Norveç yığması da Erlinqdən asılıdır”, deyə “Pep” vurğulayıb.
Qvardiola zədəli oyunçuların sıraya dönəcəyi halda “Mançester Siti”nin nəyə qadir olacağını nümayiş etdirəcəyinə əminliyini də ifadə edib:
“Mənim oyunçularımı sıraya qaytarın! Dörd mərkəz müdafiəçisi, iki “dayaqçı”, bir cinah hücumçusu və bütün mövsüm müddətinə itirdiyimiz, dünyanın ən yaxşı oyunçusu Rodrisiz oynamaq çətindir. Oyunçularımı geri qaytarın və siz “Mançester Siti”ni görəcəksiniz!” – “Ziggo Sport Totaal” dərgisi Qvardioladan sitat gətirir.
İspan mütəxəssis yaranmış çətin və xoşagəlməz vəziyyətdə “şəhərlilər”in oyun üslubunu və meydanda fəaliyyət tərzini dəyişərək oynamasının mümkünlüyü haqda sualı sərt cavabla qarşılayıb:
“Yeddi il ərzində 6 Premyer Liqa qənimətini qazandığımız halda mən niyə oyun tərzimi dəyişim ki? 14 il ərzində 11 dəfə liqa, üç dəfə Çempionlar Liqasını qazanmışamsa, niyə dəyişməliyəm? Çünki indi oyunları uduzuruq? Aman tanrım. Əgər bu, bir fəsad olsaydı…”
Xatırladaq ki, İngiltərə Premer Liqasının 12 turundan sonra “Mançester Siti” 23 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şəhərlilər”i lider “Liverpul”dan (31 xal) 8 xallıq fərq ayırır.