RU

Yaşıl enerjiyə “yaşıl işıq”

Araşdırmalara görə, yaxın gələcəkdə dünyada elektrik enerjisinə tələbat 2 dəfə artacaq. Bunu nəzərə alan Azərbaycan perspektivli enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox yaşıl enerji istehsal etməkdən ibarətdir ki, buna da ölkəmizin təbii və coğrafi mövqeyi imkan verir. Bu mənada yaşıl enerjiyə keçid Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Hətta ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda isə elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur.

Buna görə də ölkəmiz neft və qaz ixracatçısı olsa da bərpaolunan enerji mənbələ­rinə sərmayə yatırmaqda davam edir və metan emissiyalarının azaldılması, bir sözlə,  enerji strategi­yasında yeni eranı başlamaq istiqamətində  bütün cəhdləri göstərir. Bu da müsbət nəticəsini verir.  Energetika Nazirliyinin yaydığı məlumata istinadən bildirək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 23 milyon 847,3 kVt·st olub. Hesabat dövründə elektrik enerjisi istehsalı İES-lərdə 20 532 milyon kVt·st, SES-lərdə 2 563 milyon kVt·st, digər mənbələr üzrə isə 752,3 milyon kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,8 milyon kVt·st, günəş elektrik stansiyalarında 515,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495 milyon kVt·st artaraq 3 315,3 milyon kVt·st təşkil edib.

Prezident İlham Əliyevin  ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan etməsi də bu sahədə görülən işlərə güclü təkan verir. Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu göstərici 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, işğal və təcavüz faktı, yəni Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi əməllər olmasaydı, Azərbaycan bu gün yaşıl transformasiya fəaliyyətində və tədbirlərində daha böyük nailiyyətlərə imza atmış olardı.

 Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırda Avropanı və Asiyanı birləşdirən yaşıl enerji dəhlizləri layihələri həyata keçirilir. Xəzər dənizinin 157 QVt külək enerjisi və Mərkəzi Asiyanın yaşıl enerji potensialına əsaslanan “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şəbəkələrini birləşdirəcək.

BMT-nin İqlim Dəyişimələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da yaşıll enerji  əsas müzakirə mövzularından biri olub. Məsələn, COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında yaşıl enerji sahəsində Anlaşma Memorandumları imzalanıb. “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər həyata vəsiqə qazanıb. EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon dollar təşkil edəcəyi gözlənilir. 2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda, atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i isə  Türk Dövlətləri Təşkilatı  nəzdində yaşıl enerjiyə keçidlə bağlı yol xəritəsi hesab etmək olar.

Bütün bunlar göstərir ki, rəsmi Bakı  iqlim dəyişmələrinin qarşısının alınmasına yaşıl enerjiyə keçidlə töhfəsini verməkdə davam edir. Bu tempi həm də beynəlxalq ictimaiyyətin Azərbaycanda görülən işlərə, o cümlədən yaşıl enerji sahəsində qazandığı uğurlara verilən yüksək dəyər kimi qiymətləndirmək olar. Şübhəsiz, bu prosesdə aktivlik Azərbaycanı yaşıl gələcək ölkəsi kimi tanıtmaqda mühüm rol oynayacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
43
ikisahil.az

1Источники