RU

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov danışıb.

Onun sözlərinə görə, əməliyyat zamanı 310 separatçı məhv edilib, 614 düşmən isə yaralanıb.

Cəmi bir gün ərzində isə 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alınıb:

"19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya sistemi, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitəsi, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü".

Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib.

Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına alıb.

Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra ediblər.

Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. /Qaynarinfo/

Избранный
29
turkustan.az

1Источники