RU

Futbol, yoxsa əyləncə?

Futbol klubu deyil e, elə bil əyləncə klubudur.

Nə sistem var, nə hədəf, nə də vahid strategiya. İldə bir məşqçi dəyişirlər.

Belə klub idarə edərlər? Belə iş olar?

İspaniyadan məşqçi gətirirlər, 1 ili tamam olmur yola salırlar.

Rusiyadan məşqçi gətirirlər, adam “Qarabağ”la çempionluq mübarizəsi aparır, sonra nə baş verirsə, başını götürüb gedir.

Xorvatiyadan məşqçi gətirirlər, o da ili tamam olmamış vətəninə qayıdır.

Bu gedişlə “Sabah” dünyada qısa müddətdə ən çox baş məşqçi dəyişən klub statusuna yiyələnən vahid lider olacaq.

Krunoslav Renduliç Azərbaycana ayaq basanda, özümüzü öldürürdük ki, bu adam yüksək tələblərə cavab vermir, məşqçilik bacarığı o deyil, “Sabah”ı işıqlı sabah gözləmir və sair.

Gətirdilər.

“Neftçi”nin fiaskosu olmasaydı, “Sabah”ın Konfrans Liqasında nə işi vardı? Vəsiqə qazandı, oynadı. Nə baş verdi?

4 oyun, 3 məğlubiyyət, 1 təsadüfi qələbə. “Kəpəz”i uda bilməyən, “Şamaxı”ya uduzan komandanın “Makkabi”ni yenməsi dünyanın 8-ci möcüzəsiydi.

Renduliç indi yox, avqustda göndərilməliydi. Avropa arenalarında bacarığını ortaya qoya bilməyən məşqçinin Azərbaycanda nəsə etməsi heç bir məna vermir. “Sabah” rəhbərliyi yenə gecikdi.

İndi də Vasili Berezutski adlı keçmişin tanınmış futbolçusunu gətiriblər. Hazırkı sənətində ancaq köməkçi kimi işləyib bu adam. Baş məşqçi kimi Azərbaycanda debüt edəcək, texniki zonanın ağasına çevriləcək, dəlləkliyi ölkəmizdə öyrənəcək.

Elə bunun özü hər şeyi demirmi? Əlavə şərhə gərək qalırmı?

Mövsüm başa çatmamış Vasilini yola salıb, əkiz qardaşı Alekseyi gətirsələr, təəccüblənməyib.

Klubu uşaq bağçasına döndərənlərdən nə desən gözləmək olar.

HƏBİB

Избранный
28
sportinfo.az

1Источники