RU

İranla bağlı “bomba effektli” iki iddia

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə silahına, sadəcə, bir addım qaldığını açıqladı; noyabrın 29-da 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək üçün danışıqların yenidən başlayacağı doğrudursa... 

Rusiya nüvə doktrinasını yenilədikdən sonra daha bir diqqət çəkən addım İrandan gəlib. Yaxın Şərqdə müharibə qızışdığı bir vaxtda Tehran, uranı atom bombası hazırlanması səviyyəsində zənginləşdirmək üçün istifadə edilən yeni qabaqcıl sentrifuqaların quraşdırıldığını bəyan edib.

Bu avadanlıq uranı nüvə silahı üçün tələb olunan səviyyəyə qədər saflaşdırmaqda istifadə olunur.

Tehranın bu addımı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranı atom silahı işi ilə bağlı davam edən təhqiqatla əməkdaşlıq etmədiyinə görə qınamasından günlər sonra atması diqqət çəkir. MAQATE-nin İranı qınayan qərarından sonra xarici siyasət üzrə ekspert Rahman Qaremanpur bildirib ki, Tehran yeni qınaqlara “zənginləşdirmə səviyyəsini artırmaqla” cavab verə bilər.

İranın Atom Enerjisi Təşkilatının bəyanatında deyilir ki, rejim bundan sonra “müxtəlif tipli əhəmiyyətli sayda yeni və qabaqcıl sentrifuqları” istismara verəcək.

İran həmçinin müxtəlif nüvə obyektlərindən kameraları yığışdırmaq qərarına gəlib, bu isə beynəlxalq müşahidəçilərin ölkənin nüvə fəaliyyətlərini izləməsini çətinləşdirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın silahlara aid nüvə materialına, sadəcə, bir addım uzaqlıqda olan 60 faiz zənginləşdirilmiş uran ehtiyatı topladığını açıqlayıb.

Daha bir iddia isə İranın noyabrın 29-da İngiltərə, Fransa, Almaniya və Avropa İttifaqı ilə dayandırılmış 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək üçün danışıqlar aparacağı haqdadır.

Məlumatı Yaponiyanın “Kyodo” xəbər agentliyi İranın diplomatik mənbələrinə istinadən yayıb.

Cenevrədə baş tutmalı olan danışıqlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarda Ağ Evə qayıdış ərəfəsinə təsadüf edir. Tramp 2018-ci ildə ilk administrasiyası zamanı sazişdən çıxıb.

İran, 3 Avropa ölkəsi və vasitəçi kimi çıxış edən Aİ arasında planlaşdırılan danışıqların prezident Məsud Pezeşkianın iyulun sonunda prezident İbrahim Rəisini əvəzləyərək vəzifəyə başlamasından sonra ölkə ilə keçiriləcək ilk nüvə danışıqları olacaq.

Mənbələr bildiriblər ki, danışıqlarda İranın nüvə proqramı və Avropanın İran aviaşirkətlərinə və gəmiçilik şirkətlərinə tətbiq etdiyi sanksiyalara toxunulacağı gözlənilir. İranın xarici işlər nazirinin müavini, nüvə danışıqlarının veteranı Məcid Təxt Rəvançi ölkənin Cenevrədəki nümayəndə heyətinə rəhbərlik edəcək. İki bir-birinə zidd iddialarla bağlı rəylər aldıq.

Sona

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, cənub qonşumuz nüvə silahı əldə etsə, şimal qonşumuzun yolunu tutacaq: “İran hər zaman nüvə proqramı üzrə danışıqların davam etdirilməsində özünü maraqlı tərəf kimi göstərir. Digər tərəfdən, Tehrandakı molla rejimi uranın lazımi səviyyədə zənginləşdirilməsi istiqamətindəki fəaliyyətini də durmadan artırır. Yəni İran bu iki zidd addımı ona görə atır ki, niyyətini maneəsiz gerçəkləşdirsin. Bir sözlə, Tehran nüvə silahı əldə etmək üçün vaxt qazanmağa çalışır. Amma İsrail kəşfiyyatı da dinc dayanmır. Fars kökənli casusları hesabına nüvə laboratoriyalarının yerini və iş qrafikini yaxından izləyə bilir. Nüvə laboratoriyalarından kameraların yığışdırılması da məhz buna görə edilib. Düşünürəm ki, ən qısa zamanda MAQATE və ya İsrail-ABŞ koalisiyası tərəfindən hər hansı bir addım atılmasa, o zaman İran ən qısa müddətdə nüvə silahına sahib olacaq. Bəzi mənbələrin iddiasına görə Tehran artıq kifayət qədər zənginləşmiş urana sahibdir. Bu da təkcə İsrail və ABŞ üçün yox, bütövlükdə region ölkələri üçün təhdid deməkdir. Hər halda, soyuq suyu da üfürə-üfürə içən İran diplomatiyası bu zamana qədər "vaxt uzatmaq" missiyasında uğurlar qazana bilir. Amma bu “vaxt udmaq” taktikası bütün bəşəriyyətin ziyanına işləyir. Fikrimcə, İran nüvə silahı əldə etdikdən sonra Rusiyanın yolunu tutacaq və bütün nüvə danışıqları üzrə koordinasiya qruplarından çıxacaq".

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Trampın Amerikada qalib gəlməsinin durumu dəyişdiyini vurğuladı: “Dünyada son zamanlar çox intensiv proseslər gedir. Sanki bir tərəfdən bəzi qüvvələr dünyanı üçüncü dünya müharibəsinə tərəf aparır. Amma buna müqavimət göstərənlər də var. Həmişə iri silah istehsalçıları müharibələrin genişlənməsində maraqlı olublar. Dövlətlərin də daxilində onlarla sıx əməkdaşlıq edən hissələr bunda maraq ortaqlığı edib. Ancaq tam əksinə, müharibə etmək istəməyənlər də olub. Bilirsiniz ki, dünya ABŞ-ın yeni dövlət başçısı Trampın vəzifəsinin icrasına başlamasını gözləyir. Tramp İranı sevmir və ona qarşı həmişə sərt olub. Hətta Tramp Amerikanın digər düşmənləri ilə o qədər çox məşğul olmayıb, nəinki İranla. Tramp ilk gələcəyi zaman çox güman ki, Rusiya ilə İran arasında əməkdaşlığın zəifləməsinə çalışacaq. Bunun üçün Ukraynada müharibənin bitməsi lazımdır. Amma necə? Ukraynada Rusiya məmnun qalmalıdır. Tramp bunu edə bilər. Ukrayna da əslində artıq müharibədən bezib. Tramp Ukraynada atəşkəs etmək və Rusiya ilə münasibətləri isitmək istəyəcək. Bunun da nəticəsi olaraq Rusiya ilə İranın münasibətlərinə zərbə vurmaq istəyəcək. İranda ola bilər ümid var idi ki, Harris seçilsin. O da olmadı. Ona görə ilk əvvəl İran bir az yumşaq bəyanat verirdi. Trampın seçilməsi təbii ki, durumu dəyişdi. Əgər Tramp deyirsə ki, İrana xüsusi "diqqət" edəcəkdir, o zaman İran da buna cavab olaraq nüvə prosesində mövqeyini dəyişə bilər. Məsələ odur ki, nüvə beşliyi dünyanın problemlərini həll edə bilmir. Beynəlxalq sistem böhrana girir. Bu isə digər oyunçuların da nüvə əldə etmək istəyini artırır. Ona görə əslində burada ziddiyyət deməzdim, manevr var. İran deyir ki, Tramp necə davranacaqsa, biz də ona adekvat davranacağıq".

Səxavət

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd isə bir maraqlı məqama toxundu. O düşünür ki, Rusiya İranın təhlükəsizliyini təmin etmək üçün addımlar atır: “İran nüvə silahı əldə edə bilər. Rəsmi Tehran dəfələrlə bəyan edib ki, ali dini liderin fətvası İranın nüvə silahı əldə etməsinin qarşısını kəsir. Düzdür, İran zamanında İngiltərənin qurduğu sistemlər üzərindən uranı zənginləşdirirsə, İrana bu sahədə ən böyük dəstəyi təbii ki, Rusiya verir. Rusiya və İran tarixi rəqib olsalar da, hər iki dövlətin NATO-nun hədəfində olması sözügedən dövlətləri bir-birinə daha da yaxınlaşdırır. Hesab edirəm ki, İran da Rusiyanın çətin vəziyyətdə olmasından istifadə edərək, bu sahəni daha da təkmilləşdirir. Rusiya da fərqindədir ki, İran düşsə, növbə ona çatacaq. Ona görə də Rusiya İranın təhlükəsizliyini təmin etmək üçün addımlar atır. Hazırkı dünyada ən böyük sığorta isə nüvə silahlarıdır. Bu üzdən İranın nüvə silahı əldə etməsi üçün Rusiya da maraqlı görünür. İranın nüvə silahı əldə etməsi isə bir neçə dövləti ciddi narahat edəcək. Misal üçün, Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etməyə can atacaq. Bu isə ağır nəticələrə səbəb ola bilər.

İranın nüvə silahı əldə etməsi ABŞ, xüsusilə İsrailin maraqlarına ziddir. İran nüvə silahı əldə edərsə, mütləq şəkildə əsas strateji hədəfi olan Yaxın Şərqlə bağlı maraqlarını təmin etmək üçün daha ciddi addımlar ata bilər. İddialar var ki, İranın nəzəri baxımdan nüvə silahını qısa zamanda əldə etməsi mümkündür. İran da bundan şantaj vasitəsi kimi istifadə edir. Hətta iddialar var ki, İran artıq nüvə silahını əldə edə bilib. Sadəcə olaraq, onun sınaqlarını keçirmək mümkün deyil. Hesab edirəm ki, İranın nüvə silahı əldə etməsi, güc balansını pozacaq. Nüvə silahı barədə düşünməyən ölkələr belə, bu yöndə addımlar atacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Избранный
16
musavat.com

1Источники