RU

Benilüks ölkələrdən ard-arda anti-Azərbaycan qərarları

Niderland, Belçika, hətta cırtdan Lüksemburq da ağıl verməyə başlayıb və xəritədə yerini bilmədikləri “Dağlıq Qarabağ”dan danışırlar - burada diplomatik korpusların məsuliyyəti də var...

Benilüks ölkələrinin parlamentləri son bir ayda Azərbaycana qarşı yeni cəbhə açıb. 2024-cü il oktyabrın 10-da Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli iki qətnamə qəbul edilib, bu ölkənin xarici işlər naziri qətnamələrə dəstək verib.

Ümumiyyətlə, Niderland parlamentində 2020-ci ilin oktyabrından 2024-cü il ərzində Azərbaycan əleyhinə 27-dən çox təxribat xarakterli qətnamə qəbul edilib. Bugünlərdə isə Belçika və Lüksemburq parlamentləri Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edib. Lüksemburq Deputatlar Palatası “Azərbaycan hakimiyyətinin deputatların və vətəndaş cəmiyyəti nümayəndələrinin söz azadlığına qarşı tətbiq etdiyi sanksiyalarını pisləyən” qətnamə qəbul edib. Lüksemburqlu “palataçılar” Azərbaycana qarşı qətnamə məntiqinə köklənərkən, eyni zamanda 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərinin də üzərində dayanıblar. Daha doğrusu, seçki ilə bağlı ATƏT-in qərəzli yekun rəyinə istinad ediblər. Sən demə, proses siyasi alternativlər olmadan, məhdud və kritik səs təzyiqi şəraitində keçirilibmiş, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına, siyasi müxalifətə və müstəqil mediaya təzyiqləri artıraraq qorxu mühiti yaradırmış.

Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir. Lüksemburq dünyada cırtdan dövlətlər sırasında olan dövlətdir. Fransanın ərazisində yerləşir, dövlət dili də fransız dilidir. Bir sözlə, Fransanın himayəsi altındadır. Ona görə də bu cür qərəzli qətnamənin qəbul olunması gözlənilməz deyildi və haradan qaynaqlandığı çılpaqlığı ilə görünməkdədir. Həmçinin Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvü bəyanat verib. Bəyanatda üç əsas tələb səslənib: Azərbaycanda saxlanılan erməni “hərbi əsirlər”in azad edilməsi; Dağlıq Qarabağın erməni mədəni irsini qorumaq; Azərbaycan qoşunlarını Ermənistanın “işğal olunmuş ərazisindən çıxarmaq”, eləcə də Azərbaycanın Ermənistana qarşı hər hansı “təcavüzünü” dayandırmaq. Bu absurd çağırışı Belçikanın 6 partiyası dəstəkləyib.

Ümumiyyətlə, Belçika, Lüksemburq və Niderland parlamentləri son vaxtlar Azərbaycana qarşı qərəzli qərarlar qəbul etməkdə yarışırlar. Sözügedən qətnamələr yalnız Benilüks ölkələrin qərəzli mövqeyinin göstəricisi deyil. Məsələ, bütövlükdə, “köhnə qitə”nin və Qərbin ermənipərəstlik təəssübü ilə bağlıdır. Fransa başda olmaqla, kollektiv Qərbin bəzi dairələrinin, müxtəlif şəxslərin nümayiş etdirdikləri ermənipərəst yanaşma Cənubi Qafqazda sülh və sabitliyin yaradılması səylərinə maneçilik törədir. Bu, mövqe erməni avantürizmini körükləyir, Ermənistanın illüziya bataqlığındakı yerini daha da möhkəmləndirir. Ekspertlərə görə, bunun səbəblərindən biri də Azərbaycan Xarici İşlər Nazirliyi və həmin ölkələrdəki səfirliklərin zəif fəaliyyətidir. Səfirliklər həmin ölkələrin mediasında daha çox çıxışlar etməlidir, Azərbaycanda baş verən prosesləri həmin dövlətlərin hakimiyyət orqanlarına və ictimaiyyətinə çatdırmaqda tənbəllik edirlər.

Novella

Novella Cəfəroğlu

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan COP29 konfransını təşkil etməklə nə qədər güclü olduğu bir daha dünyaya nümayiş etdirdi. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanın siyasi arenaya çevrildiyini görən Qərb isə bu reallıqları həzm edə bilmir: “Bu gün Bakı qlobal siyasətdə rol almaqdadır və bu da ermənilərlə yanaşı havadarlarının xoşuna gəlmir. Ona görə əleyhimizə bəyanatlar, qətnamələr səngimir. Amma razıyam ki, səfirliklərimiz də çox iş görməlidirlər. Çünki söhbət Azərbaycanı qorumaq və onu müdafiə etməkdən gedir. O baxımdan, Azərbaycan hökuməti və səfirlər xüsusən ABŞ, Avropa İttifaqı ilə daha çox işləməlidirlər”. N.Cəfəroğlunun fikrincə, Qərbdə də başa düşmürlər ki, artıq dünya dəyişib və daha təkbaşına hegemonluq etmək mümkün deyil: “Hər bir kiçik dövlət öz inkişafına, məqsədinə çatmaq üçün milli siyasətini həyata keçirir. Bəli, insan haqlarının vəziyyəti haqda çox danışmaq olar, amma Qərb dövlətləri Şərq ölkələri, postsovet respublikaları ilə dialoq qurmalıdır. Bir vaxtlar ruslar deyirdi ki, biz "böyük qardaşıq", indi Qərb deyir ki, biz nə diktə edirik, ona riayət etməlisiniz. Belə yanaşmaq olmaz və danışmaq lazımdır. Ona görə də vacib bir mövzuya toxunmusunuz - diplomatlarımız daha aktiv fəaliyyət göstərməlidirlər". N.Cəfəroğlu bu məsələdə jurnalistlərin də fəallığını mühüm hesab edir: “Səfirlərlə görüşməli, onlardan müsahibələr almalı, Azərbaycanın müdafiəsi ilə bağlı diplomatların fikirlərinə yer verməlidirlər. Ümumən, hamımız işləməliyik - hökumət, diplomatik korpuslar, vətəndaş cəmiyyəti, ziyalılar, akademiklərimiz, onların xaricdəki dostları və media...”

Çingiz

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə vurğuladı ki, qətnamələr hüquqi sənəd deyil və heç bir mahiyyət kəsb etmir: “Lüksemburq Bakının bir məhəlləsi boyda ölkədir və özünün müstəqil siyasəti yoxdur, Fransanın sifarişlərini yerinə yetirir. Niderland da qərəzindən əl çəkmir və COP29-da iştirakla bağlı mövqeyi bir daha bizdə əminlik yaratdı. Belçikanın addımları isə anlaşılmazdır və Avropa Birliyinin, NATO-nun mənzil qərargahı olan dövlət balansı qorumalı, obyektiv yanaşmalıdır. Əfsus ki, insan haqlarının vəziyyəti haqda qətnamələr qəbul ediləndə həbsdə olan separatçıları da bu cərgəyə qoyurlar. Onlar hansı əsasla "siyasi məhbus" adlana bilər? Biz nə qədər faktlar ortaya qoysaq da, Avropa təsisatlarının qərəzi dəyişməyəcək". Ç.Qənizadə bildirdi ki, səfirlərin fəal olması vacibdir, amma bəzi ölkələrin parlamentləri qarşılarına bu qətnaməni qəbul etməyi hədəf qoyubsa, onu əngəlləmək mümkün olmayacaq: “Azərbaycan dövlətinə çirkin bir hücum edilməkdədir və COP29-dan sonra da bu prosesin davam edəcəyi gözlənilən idi. Antiterror əməliyyatından sonra bəzi Qərb dairələrinin kampaniya və silsilə şəkildə üzərimizə gəlməsi göstərir ki, burada bir mərkəzin təlimatı var”.

Emil SALAMOĞLU,  
“Yeni Müsavat”

Избранный
23
1
musavat.com

2Источники