RU

Polşanın barış təşəbbüsü müsbətdir, amma...

Əsas məsələ İrəvanın sülh adı ilə gözə kül üfürməsi yox, real addımlar atmasıdır

Polşa Respublikasının Prezidenti Andjey Duda noyabrın 25-də Ermənistana rəsmi səfər edib. Noyabrın 27-dək davam edəcək səfərdə prezidenti həyat yoldaşı Aqata Kornhauzer–Duda müşayiət edir.

A.Dudanın rəsmi görüşləri dünən səhərdən başlayıb. O, Polşanın keçmiş və indiki baş naziri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Donald Tuskun, necə deyərlər, ənənəsini davam etdirərək, ilk olaraq qondarma erməni soyqırımına ucaldılmış memorial kompleksində – “Tsitsernakaberd”də olub. Daha sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşüb. Prezidentlər əvvəlcə təkbətək danışıqlar aparıb, sonra isə müzakirəni nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriblər. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Polşa Prezidentinin mətbuat konfransında Ermənistan–Azərbaycan münasibətlərinə dair səsləndirdiyi fikirlər diqqəti cəlb edir. Ölkənin dövlət informasiya agentliyi olan “Armenpress”in yaydığı məlumata görə, A.Duda Polşanın Ermənistan–Azərbaycan münaqişəsinin (?) sülh yolu ilə həllini dəstəkləməyə hazır olduğunu bildirib. Duda regiondakı hazırkı qeyri-sabit vəziyyətə toxunaraq, Rusiya–Ukrayna müharibəsinin Cənubi Qafqaza da təsir etdiyini vurğulayıb.

O, münaqişələrin sülh yolu ilə həllinin həm Ermənistan, həm də Avropa regionu üçün prioritet olduğunu qeyd edib. Polşa Prezidenti bildirib ki, noyabrın 12-də Bakıda olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı məsələləri müzakirə edib. “Mən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də bu mövzuda danışmışam. Qeyd etmək istəyirəm ki, biz ermənilərin öz torpaqlarında, aydın və sabit sərhədlər daxilində sülh içində yaşamasını istəyirik. Sülh, əlbəttə ki, Avropa regionu üçün də vacibdir və lazım gələrsə, biz kömək etməyə hazırıq” – deyə Duda fikirlərini yekunlaşdırıb.

Ermənistan prezidenti V.Xaçaturyan isə ənənəyə sadiq qalaraq yenə də ölkəsini “sülh göyərçini” kimi təqdim edib. O, Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və Ermənistanın bu məsələyə dair baxışını təqdim edib. İddia edib ki, Ermənistan öz qonşuları ilə mövcud problemləri konstruktiv dialoq və danışıqlar yolu ilə həll etməyə (?) sadiqdir: “Ermənistan Respublikası sülhə nail olmaq və qonşuları ilə mövcud problemləri həll etmək üçün konstruktiv dialoq və danışıqlar yolunu rəhbər tutur. Bu kontekstdə mən həmkarıma əsas məqsədlərə – regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistanın baxışını adekvat şəkildə əks etdirən “Sülhün kəsişməsi” təşəbbüsünü təqdim etdim”.

Günortadan sonra Polşa Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Polşa ilə Ermənistan və Aİ arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. N.Paşinyan A.Dudaya Ermənistan–Azərbaycan sülh müqaviləsi üzrə müzakirələrin son vəziyyətini və erməni tərəfinin mövqeyini təqdim edib. O, Ermənistanın sülh gündəminə sadiqliyini (?) vurğulayıb.

Günün sonuna yaxın A.Dudanın Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü baş tutub.

Əlbəttə, Polşa və Ermənistan BMT-nin üzvü olan iki müstəqil dövlətdir və onların rəhbər şəxslərinin qarşılıqlı səfərlər etməsi, əlaqələri genişləndirmələri bu ölkələrin daxili işi, suveren hüququdur. Bu məsələlərə qarışmaq niyyətimiz yoxdur. Bu görüşlərdə bizim diqqətimizi cəlb edən Ermənistan–Azərbaycan münasibətlərinə dair müzakirələrin aparılmasıdır. Elə səfərdən bir gün öncə “Azadlıq” radiosunun yaydığı məqalədə bildirilmişdi ki, Polşa Prezidentinin İrəvanda aparacağı danışıqların əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı olacaq. Polşa Prezidentinin Xarici siyasət bürosunun rəhbəri Meşko Pavyak səfərdən öncə Varşavada keçirdiyi mətbuat konfransında deyib: “Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və biz ümid edirik ki, bu, tezliklə başa çatacaq”.

Pavyak vurğulayıb ki, A.Duda iki həftə əvvəl Bakıda keçirilən COP29 konfransında iştirak edib, Azərbaycan Prezidenti ilə görüşüb. Görüş zamanı digər məsələlərlə yanaşı, Ermənistan–Azərbaycan münasibətlərindəki mövcud vəziyyət və sülh prosesi müzakirə edilib. Büro rəhbəri Azərbaycan tərəfi ilə aparılan danışıqların təfərrüatlarına varmadan “indi Ermənistan tərəfi ilə danışmağın vaxtıdır” – deyib.

Polşanın yanvar ayından etibarən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini xatırladan Pavyak Aİ-nin genişlənməsinin Varşavanın 2025-ci il yanvarın 1-dən başlayacaq sədrliyinin prioritetlərindən biri olduğunu vurğulayıb: “Ermənistan Aİ-yə daxil olmağa can atmır, lakin İrəvan son illərdə Qərb və Aİ ilə əməkdaşlığa daha açıq olub və Polşanın sədrliyi bu tendensiyanın güclənməsinə səbəb olacaq”.

Qeyd edək ki, Polşa Prezidentinin səfəri ilə bağlı Ermənistanın “Past” qəzeti maraqlı məqalə dərc edib. Məqalədə bildirilib ki, N.Paşinyanın Aİ-nin Ermənistandakı mülki adlansa da, reallıqda hərbləşdirilmiş müşahidə missiyası ilə bağlı noyabrın 22-də ölkəsinin ictimai televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər ittifaq üzvlərini qəzəbləndirib. Qəzet A.Dudanın səfərinin də bununla bağlı olduğunu iddia edib: “Polşa Prezidentinin səfəri ilə bağlı ən diqqətçəkən epizod onun Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdəyən (haylar “Yerasx” deyirlər–S.H.) icmasına gedəcəyidir. Duda Aİ missiyası ilə birgə patrulda şəxsən iştirak edəcək. Aİ-nin aparıcı ölkələrindən birinin prezidenti bununla da Avropa missiyasının önəminə diqqət çəkəcək”.

İddia edilib ki, Arazdəyənə baş çəkmək səfər proqramına Paşinyanın məlum açıqlamasından sonra daxil olunub: “Paşinyan etiraf edib ki, Aİ müşahidəçilərinin Ermənistanda olması məsələsini Azərbaycanla müzakirə edir. Üstəlik, Ermənistan müşahidəçiləri delimitasiya olunmuş ərazilərdən (Qazaxla həmsərhəd hissədən – S.H.) çıxarmağa hazırdır. Halbuki, bu missiyanın Ermənistanda yerləşdirilməsi Aİ-nin regionda təsirini artırmaq üçün atdığı əsas addımlardan biridir. Paşinyanın səsləndirdiyi fikirlər isə Brüsselin maraqları ilə düz mütənasib deyil”.

“Past”ın məqaləsində qeyd edilib ki, Paşinyanın açıqlaması başqa bir Avropa ölkəsini – hər vəchlə regionda vəziyyətin gərgin olaraq qalmasında maraqlı olan Fransanı da qəzəbləndirib.

Qeyd edək ki, Paşinyan həmin müsahibə zamanı deyib: “Azərbaycana təklif etdik ki, delimitasiya və demarkasiya olunmuş ərazilərlə bağlı bu tənzimləməni həyata keçirək. Çünki sərhədin demarkasiya olunmuş hissəsində müşahidəçilərin olmasına ehtiyac yoxdur”.

Onu da bildirək ki, A.Dudanın, həqiqətən də, Arazdəyənə səfəri nəzərdə tutulub. O, noyabrın 27-də burada Aİ-nin Hayastandakı müşahidə missiyası ilə birgə patrulda iştirak edəcək. Azərbaycanda fəaliyyəti xoş qarşılanmayan missiyanın patrulunda Polşa Prezidentinin də iştirakının regionda hayların tez-tez bəhs etdikləri uzunmüddətli sülh və sabitliyə fayda verəcəyi az ehtimal olunandır. Onu da bildirək ki, bu, Polşadan son 13 ildə Ermənistana prezident səviyyəsində edilən ilk səfər olmaqla da diqqəti cəlb edir.

Hiss olunur ki, Varşava Aİ-yə sədrliyi dövründə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına, altı aylıq müddətin yadda qalmasına çalışacaq. Ancaq bu təşəbbüslər müsbət olsa da, əsas məsələ İrəvanın sülh adı altında, necə deyərlər, gözə kül üfürməkdən əl çəkib real addımlar atması olmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səfərlə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Polşa Azərbaycanın Avropada ən yaxın dostlarından, tərəfdaşlarından biridir. Onun sözlərinə görə, tarixi əlaqələrimiz də var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Polşa ilə sıx əlaqələrimiz olub. Hətta, o dövrdə Azərbaycan parlamentində polyak əsilli millət vəkilləri də təmsil olunublar.

Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra da Polşa ilə çox sıx əlaqələr qurub. Məhz Polşa və İsveç 2009-cu ildə “Şərq tərəfdaşlığı” Proqramı təşəbbüsünü irəli sürüblər. Aİ-nin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsü 6 ölkəni əhatə edirdi ki, onlardan biri də Azərbaycan idi: “Polşa bu təşəbbüsü irəli sürməklə postsovet ölkələrinin, o cümlədən üç Cənubi Qafqaz respublikasının Aİ ilə daha sıx əməkdaşlıq etməsinə çalışırdı. Bu format bir müddət davam etdi. Amma sonralar Rusiya–Ukrayna müharibəsi, eləcə də digər problemlər “Şərq tərəfdaşlığı” Proqramını arxa plana keçirdi”.

E.Şahinoğlu bildirdi ki, Polşa ilə ikitərəfli əlaqələrimiz yüksək səviyyədədir. Qarşılıqlı səfərlər reallaşdırılır: “Buna görə də mən, əslində, Polşa Prezidenti Duanın İrəvana səfərindən, orada verdiyi açıqlamalardan narahatlıq duymuram. Tam əksinə Polşa Cənubi Qafqazda sülh, sabitlik və region ölkələri ilə əməkdaşlıq istəyir. Bu da Azərbaycanın maraqları ilə üst-üstə düşür. Amma bütün hallarda Polşanın bölgənin problemlərinin həllində əsas, aparıcı rol oynayacağını da düşünmürəm. Baxmayaraq ki, Polşa zaman-zaman Avropa strukturlarına rəhbərlik edib. Əlbəttə, polyaklar müəyyən təşəbbüslərlə çıxış edə, hətta, iki ölkənin xarici işlər nazirlərinin Varşavada görüşünü də təşkil edə bilərlər. Amma, bu, Polşanın Azərbaycanla Ermənistan arasında aktiv vasitəçilik təşəbbüsü irəli sürəcəyi və ya vasitəçiliyə iddia edəcəyi demək deyil. Belə bir iddia olsa belə, mən hesab edirəm ki, bu, Azərbaycanın maraqlarına zidd olmayacaq. Çünki Cənubi Qafqazın aparıcı ölkəsinin Azərbaycan olduğunu Polşada yaxşı anlayırlar. Polyak diplomatlar da bunu yaxşı bilirlər. Ona görə də Bakı ilə sıx əlaqələrə can atırlar”.

Politoloq onu da bildirdi ki, əslində, A.Dudanın İrəvanda səsləndirdiyi fikirlər erməni cəmiyyətinə bir mesajdır. Yəni, regionda uzunmüddətli sülh və sabitlik Ermənistanın da maraqlarına cavab verir. Erməni cəmiyyətinə bir daha mesaj verilir ki, Azərbaycanla tezliklə sülh sazişi imzalanmalıdır. Düzdür, Azərbaycanın konstitusiya dəyişikliyi ilə bağlı şərti də qüvvədədir: “Bütün hallarda Polşa Fransa deyil. Bir daha qeyd etmək istəyirəm ki, Polşa Azərbaycanla sabit əlaqələrə malikdir və bizə dost dövlətlərdən biridir. Varşavanın gələcəkdə müəyyən təşəbbüslərlə çıxış etməsi mümkündür”.

Səxavət HƏMİD
XQ

Избранный
17
50
xalqqazeti.az

10Источники