RU

Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat

Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlərdir. Bakıdakı şadlıq saraylarının qiymətləri adətən yüksəkdir və bu, həm toy evinin, həm də dəvət olunan qonaqların xərcinin artmasına səbəb olur. Əvvəllər bir nəfər toya gedib 50 manat pul yazdırıb iştirak edirdisə, günümüzdə 100 manatdan aşağı nəmər verənə pis baxırlar. Bəs, toy sahibləri bu qədər xərcin arasında şadlıq sarayına nə qədər ödəniş etməli olur?   Manset.az Lent.az-a istinadən xəbər verir ki, Bakıdakı bəzi şadlıq evlərinin menyu qiymətləri barədə araşdırma aparılıb.

Məlum olub ki, şəhərin mərkəzi hissələrində olan şadlıq saraylarında fantastik qiymətlər hökm sürür. Əksər bahalı toy məkanları isə Nizami rayonu ərazisində yerləşir. 100-200 AZN arasında dəyişən menyu qiymətlərindən nə toy sahibinə xeyir, nə də qonaqda əylənmək üçün yaxşı əhval-ruhiyyə qalır. Hələ 250 AZN-dən başlayan qiymətə menyular da var… Elə sözügedən ərazidə yerləşən bu şadlıq sarayında menyu dəyəri 400 AZN-ə kimi yüksəlir. Mərkəzdən bir qədər uzaqda 55-60 AZN-dən başlayan qiymətə toyunuzu etmək üçün münasib yer tapa bilərsiniz. Kənar yerlərdə belə “dodaq uçuqladan” dəyərdə menyulara rast gələ bilərsiniz. Məsələn, Buzovna ərazisində yerləşən bir şadlıq sarayında menyu 120 AZN-dən başlayır.  Şadlıq saraylarından əməkdaşımıza bildirilib ki, bu qiymətlər əsasən menyuya görə dəyişir. Şadlıq saraylarının dəyərini içki və ərzaq qiymətləri formalaşdırır. Bu məhsulların bahalaşması toy evinin bütün xərclərini artırır.  Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, son zamanlarda şadlıq saraylarında bahalaşma müşahidə olunur:  “Pandemiyadan sonrakı dövrdə bu qiymət artımı daha çox gözə çarpır. Buna səbəb qida məhsullarının qiymətinin, icarə haqlarının artması, işçi qüvvəsinin məvacibinin yüksəlməsi və s. ola bilər. Maaşların artması həm sosial-iqtisadi inkişafımıza müsbət təsir göstərən, həm də həmin müəssisələrin satdıqları xidmətin maya dəyərinin yüksək olmasına səbəb olan bir amildir". “Fikrimcə, bəzi ənənələrdə dəyişiklik etmək lazımdır ki, israfçılıqdan uzaq duraq. Toyun xərcləri yalnız iaşə xidmət ilə məhdudlaşmır. Buraya foto-video çəkilişlər, müxtəlif animasiyalar, gül-çiçək, nikahın rəsmiləşdirilməsi, rəqslər, avtomobil icarəsi və digər şeyləri də əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket qiymətlərinə təsir edir”, - deyə o əlavə edib. Samir Dübəndi qeyd edib ki, bugünkü gündə şadlıq saraylarında  “table d’hote” (hərfi mənası "ev sahibi masası"-red.) xidmət növü tətbiq olunur:  “Yəni, sifarişçi tərəfindən öncədən menyu seçimi olur və daha sonra həmin yeməklər hazırlanır. Bu halda porsiya üzrə xidmət göstərilmir. Qalan yeməklər bir çox hallarda atılır. Bir sözlə, israfçılıq halları baş verir. Ən yaxşı halda əlavə qalan yemək və içkiləri işçilərə vermək olar. Biz toy məkanlarında mövcud olan xidmət növünü dəyişə bilsək, həm israfçılıqdan, həm də əlavə xərclərdən yaxa qurtara bilərik. Bunun üçün də həmin müəssisələrdə çalışan masa xidmətçilərinin, eyni zamanda onlara rəhbərlik edən menecmentin bilik və bacarıqlarını artırmaq lazımdır”. 

 

Избранный
3
2
manset.az

3Источники