Ravvinin qətli: Türkiyə kəşfiyyatı 3 şübhəlini BƏƏ-yə təhvil verib
Türkiyə həftəsonu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İsrail və Moldova vətəndaşı olan ravvin Zvi Koqanı öldürməkdə şübhəli bilinən 3 Özbəkistan vətəndaşını tutaraq deportasiya etdiyini açıqlayıb.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.
Britaniya nəşrinin təhlilində qeyd olunur:
Anonimlik şərti ilə danışan türk təhlükəsizlik mənbələri əməliyyatın BƏƏ hökumətinin tələbi ilə başladığını bildirib.
2020-ci ildən Dubayda koşer (yəhudi hallığı – red.) bazarını idarə edən ravvin Koqan ötən Şənbə günü BƏƏ səlahiyyətlilərinin əvvəlcədən düşünülmüş hücum adlandırdığı qəsd zamanı öldürülüb.
Hadisədən sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, şübhəlilər - Alimbay Tahiroviç (28 yaş), Mahmudcan Abdurrahim (28) və 33 yaşlı Azizbek Kamiloviç iddia edilən qətldən sonra BƏƏ-dən qaçıblar.
Onların hərəkətləri Türkiyəyə qədər izlənilib və bu, Əmirlik rəsmilərinin Ankaradan kömək istəməsinə səbəb olub.
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) həmin şəxsləri Türkiyə polisi ilə koordinasiyalı şəkildə izləyib. İstanbula uçuşun sonunda bədəməllər yaxalanıb.
Eyni mənbələrin sözlərinə görə, təhlükəsizlik qüvvələri adi traffik yoxlaması zamanı şübhəliləri taksidə saxlayıb və şəxsiyyətlərini təsdiqləyiblər.
Mənbələr bildirir ki, həbs edildikdən sonra şübhəlilər Koqanın öldürülməsinə görə ittiham olunmaq üçün təcili qaydada BƏƏ-yə təhvil veriliblər.
“Türkiyə Cümhuriyyəti terrorla mübarizə çərçivəsində heç bir cinayətkarın öz sərhədləri daxilində yerləşməməsi üçün həssas işini davam etdirəcək”, - deyə təhlükəsizlik mənbələrindən biri deyib.
Bazar günü Əmirlik səlahiyyətliləri Koqanın ölümü ilə bağlı 3 nəfərin həbs edildiyini və şəxslərə qarşı ittiham irəli sürmək üçün hüquqi prosesə başladığını bildiriblər.
BƏƏ Xarici İşlər Nazirliyi noyabrın 26-da verdiyi açıqlamada Türkiyəyə məsələ ilə bağlı əməkdaşlığa görə təşəkkür edib.
Mediaya açıqlama verən İsrail rəsmiləri əvvəlcə qətldə Türkiyəni ittiham ediblər, çünki şübhəlilər ora qaçıb. Lakin sonradan onlar ifadələrini dəyişərək bildiriblər ki, Özbəkistan vətəndaşlarından şübhələnirlər və buna görə də onların əlaqəsi və qətlin motivi barədə məlumat verməyiblər.
Xatırladaq ki, Türkiyə-İsrail münasibətləri 2023-cü il oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi İsrailin cənubuna hücumundan sonra aşağıya doğru gedir. Sonradan soyqırım kimi qələmə verilən Qəzzaya qarşı müharibə Ankaranı may ayında Təl-Əvivə qarşı ticarət embarqosu qoymağa və İsrailə qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər iddiası ilə Beynəlxalq Ədalət Məhkəməsinə qoşulmağa sövq edib.