“İstanbulda 70 kilo qızılla saxlanılan hərbi attaşe polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədov akademik Qərib Məmmədovun qardaşı deyil. O, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, general-mayor Cavanşir Məmmədovun qardaşı oğludur. Qəhrəman Məmmədov babasının, yəni generalın atasının adını daşıyır”.
“AzPolitika” xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, C. Məmmədov uzun müddətdir ki, Türkiyədə biznes sahibidir, 2013-cü ildə 400 min lirə (o zamankı kursla 200 min dollar) nizamnamə kapitalı ilə “Marşal Yapı Turizm İnşaat Əmlak Müşavirliyi Sənaye və Ticarət Limited” və “Humnac Ticarət” şirkətlərini qurub, tikintisi biznesi ilə məşğul olub.
Jurnalist onu da qeyd edib ki, təqaüdə çıxdıqdan sonra generalın Fransada özünə biznes qurduğu haqda məlumatlar yayılsa da, xəbərlər özünü doğrultmayıb.
Xatırladaq ki, Qəhrəman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Qəhrəman Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Həbsinə qədər Səudiyyə Ərəbistanında hərbi attaşe olub. Barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi istintaq olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, Qəhrəman Məmmədov əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir. Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.
İndi əsas suallardan biri budur ki, qızıl qaçaqmalçılığının arxasında kim dayanır? Ələ keçən Qəhrəman Məmmədov sadəcə diplomatik toxunulmazlığından istifadə edib qaçaqmalçılıq edib, yoxsa kuryer olub?
Qəhrəman Məmmədovun Türkiyədə saxlanılmasından 1 gün sonra ölkəyə çağırılması, qısa araşdırmanın ardından həbsi onu deməyə əsas verir ki, qaçaqmalçılıq məsələsi ciddi şəkildə araşdırılacaq.
“AzPolitika. info”