RU

Azərbaycanlı milli fəal Səyyad Məhəmmədian həbsxanaya aparılıb

Azərbaycanlı milli fəal Səyyad (Ovçu) Məhəmmədian təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Əlburz vilayətində yerləşən Fərdis həbsxanasına aparılıb. Həbs onun "sistemə qarşı təbliğat" ittihamı ilə məhkum edildiyi 6 aylıq həbs cəzasının icrası məqsədilə həyata keçirilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, noyabrın 25-də Kərəc şəhəri yaxınlığındakı Yengi İmam kəndində Məhəmmədianın evinə təhlükəsizlik qüvvələri basqın edib. Şahidlərin bildirdiyinə görə, fəal ailəsinin gözü önündə təhqir olunaraq və zorakılıqla saxlanılıb.

Məhəmmədian mayın 15-də də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış və Əlburz vilayətində yerləşən bir təcridxanada sorğu-sual edildikdən sonra Kərəc Mərkəzi Həbsxanasına köçürülmüşdü. Bir ay nəzarət altında saxlanılan türk fəal 700 milyon tümən girov qarşılığında iyun ayında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Sentyabrın 28-də Kərəc Ümumi və İnqilab Məhkəməsinin 1 saylı şöbəsi türk fəalı "sistem əleyhinə təbliğat fəaliyyəti göstərmək"də ittiham edərək 6 ay müddətinə həbs cəzasına məhkum etmişdi. Bu hökm daha sonra Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Məhəmmədian əslən Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərindəndir, hazırda isə Tehran yaxınlığında yerləşən Əlburz vilayətində yaşayır. O, İranda azərbaycanlıların dil və mədəni hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıb.

visiontv.az



Избранный
12
visiontv.az

1Источники