RU

Bələdiyyələrin səlahiyyətini artırmaq üçün referenduma ehtiyac var? - Ekspert

"Bələdiyyələrin səlahiyyətlərini artırmaq üçün referendum keçirməyə ehtiyac yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynov yerli özünüidarə orqanları ilə bağlı fikirlərini bölüşərkən deyib. 

Onun fikrincə, bələdiyyələrin sayının azaldılması da onların fəaliyyətinə ciddi şəkildə təsir göstərməyib:
 
"Bələdiyyələrin sayının azaldılması birinci hal deyil. Yaradılan zaman bələdiyyələrin sayı təxminən 2600 civarında idi. Sonra bir neçə dəfə azaldılma baş verdi, 1600-ə düşdü. İndi isə 600-dən bir qədər çox sayda saxlanılması tələb olunur. Hesab edildi ki, onların sayının azaldılması idarəetmənin səmərəliliyini artıra bilər. Əslində, bələdiyyələrin birləşdirilməsi onların resurslarının səfərbər edilməsinə, xərclərə qənaət edilməsinə müsbət təsir göstərməli idi. Amma təcrübə göstərdi ki, sayın azaldılması bələdiyyələrin fəaliyyətinə o qədər də təsir göstərməyib. Təəssüf ki, bələdiyyələrin funksiyaları, qarşısında dayanan vəzifələrin həyata keçirilməsində irəliləyiş müşahidə etmədik".
 


Ekspert bələdiyyələrin birləşməsilə bağlı yerli əhalinin rəyini almaq üçün yerlərdə toplantıların keçirildiyinə dair məlumatlara da müəyyən qədər şübhə ilə yanaşır:

"Belə görünür, bələdiyyələrin sayının azaldılması ilə bağlı qanunvericilik tələbinə əsasən birləşdirilməsi gözlənilən ərazilərdə hətta yerli əhalinin rəyi də öyrənilib". 

Həmsöhbətimiz bələdiyyələrin səlahiyyətlərinin artırılması üçün referendum keçirilməsinə ehtiyac olmadığını düşünür:

"Bələdiyyələrin statusu haqqında qanun var. Yerli özünüidarə orqanları ilə bağlı müəyyən məsələlər Konstitusiyada öz əksini tapıb. Bunun üçün geniş mənada islahata ehtiyac yoxdur. Bu məsələlər detallı şəkildə daha çox cari xarakterli qanunlarda öz əksini tapıb. Habelə, müqayisə edəndə görürük ki, bələdiyyə qanunvericiliyilə müqayisədə Prezident tərəfindən təsdiq olunan yerli icra hakimiyyəti haqqında əsasnamə yerli hakimiyyət orqanlarına daha geniş səlahiyyət verir. Yəni bələdiyyələrin səlahiyyətini artırmaq üçün heç də referendum proseduruna keçməyə böyük ehtiyac yoxdur. Referenduma ancaq yerli özünüidarəetmənin sistemində dəyişiklik olarsa, müraciət etmək olar. Məsələn, yerli icra hakimiyyətləri ləğv edilsin və səlahiyyətləri bələdiyyələrə verilsin".

Qeyd edək ki, Azərbaycan növbəti seçkilərə hazırlaşır. Belə ki, növbədə bələdiyyə seçkiləridir. MSK sədri Məzahir Pənahov noyabrın 6-da bələdiyyə seçkilərinin gələn il yanvarın sonlarında keçirilə biləcəyini bildirib və qeyd edib ki, noyabrın ayının sonunda biz artıq bələdiyyə seçkilərini elan etməliyik. Bundan başqa, bələdiyyələrin sayı növbəti dəfə azaldılıb. Onların sayı 1606-dan 685-ə endiriləcək. Digər tərəfdən, müxtəlif kütləvi informasiya vasitələrində dərc olunan xəbərlərdə iddia edilir ki, tezliklə ölkədə referendum keçiriləcək və bələdiyyələrlə bağlı bir sıra dəyişikliklər də referenduma salınacaq. Ümumxalq səsverməsində yerli icra hakimiyyətlərinə məxsus bir sıra səlahiyyətlərin bələdiyyələrə verilməsi, yəni yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması məsələsi də müzakirəyə çıxarılacaq. 

Rüfət Sultan

Избранный
1
qaynarinfo.az

1Источники