Rusiya Böyük Britaniya səfirliyinin siyasi şöbəsinin ikinci katibi Edvard Prayor Uilksi casusluq fəaliyyətində günahlandıraraq ölkədən qovub.
Qərarı noyabrın 26-da Federal Təhlükəsizlik Xidməti (FTX) açıqlayıb.
Qurum bildirib ki, Uilks Rusiyada kəşfiyyat və "dağıdıcı" fəaliyyətlə məşğul olub.
Britaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa və Mərkəzi Asiya İdarəsi ilə əlaqəsi olan diplomatın akkreditasiyası ləğv edilib.
Bildirilir ki, diplomat iki həftəyə Rusiyanı tərk etməlidir.
Bu ilin avqustunda Rusiya daha 6 Britaniya diplomatını casusluqda günalandıraraq akkreditasiyalarını ləğv etmişdi.
Bunlar Ukraynadakı müharibə tutmuş, daxili işlərə müdaxiləyədək fərqli məsələlərdə iki ölkə arasındakı gərgin münasibətlər fonunda baş verib.
"Azadlıq Radiosu" yazır ki, bu addım Rusiya XİN-in sanksiya siyahısını genişləndirərək 30 tanınmış britaniyalı məmurun, hərbi qulluqçunun və jurnalistin ölkəyə girişini yasaqladığı günə təsadüf edib.
Siyahıda Baş nazirin müavini Ancela Reynerin, daxili işlər naziri İvett Kuperin, eləcə də müdafiə və texnologiya sektorlarının yüksəkvəzifəli şəxslərinin də adı var.
Moskva bəyanatında Britaniyanı Rusiya əleyhinə siyasət yürütməkdə günahlandırıb.
Hesab edir ki, Birləşmiş Krallıq Ukraynaya dəstək verir, Rusiya ilə bağlı dezinformasiyaların yayılmasında birbaşa rol alıb.
Kreml Londonu bu "ümidsiz" siyasi kursdan əl çəkməyə və konstruktiv dialoqa çağırıb.
Rusiya Ukraynaya qarşı 2022-ci il fevralın 24-də müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunub.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.