RU

Azərbaycanda gündəm olan təyinat - Görün, nə vaxt və necə dil tapıblar, kim razılıq verib!

«Sabah»ın Vasili Berezutski ilə 2,5 illik anlaşmasının bəzi təfərrüatları üzə çıxıb. Krunoslav Renduliçin yerinə gətirilən yeni baş məşqçi ilə danışıqlar, sən demə, bir müddət əvvəl start götürüb. Tərəflər arasında ünsiyyət noyabrın ilk günlərindən başlayıb. Leonid Slutskinin köməkçisi kimi «Şanxay Şeyxua»da (Çin) çalışan mütəxəssis «Sabah»ın təklifinə əvvəldən isti yanaşıb. Komandanın oyunlarını internet vasitəsilə izləyən 42 yaşlı rusiyalı yüksək hədəflər uğrunda mübarizə aparmağın mümkün olduğunu bildirib. Slutski ilə məsləhətləşən yardımçısı ondan da müsbət rəy alıb. Belə ki, vaxtilə ÇSKA (Moskva) və «Hall Siti»nin (İngiltərə) sükanı arxasında dayanmış Slutski ona Azərbaycana getməyi və sərbəst işləməyi məsləhət görüb. Beretsuztskiyə artıq baş məşqçi kimi fəaliyyət göstərməyə hazır olduğunu deyib.
Danışıqların uğurla tamamlanmasına rəğmən, «Sabah» rəhbərliyi cari ayın başında Renduliçə qapını göstərmək istəməyib. Xorvatiyalıya növbəti dəfə möhlət verilib. Baxmayaraq ki, balkanlı məşqçinin işləri avqustdan etibarən tərs gedib. «Senkt-Patriks»ə uduzaraq Konfrans Liqası ilə ikinci mərhələdə vidalaşan «bayquşlar» ardınca Premyer Liqaya da qeyri-sabit nəticələrlə giriş edib. Son yeddi tur isə yönətimin səbr kasasını ümumiyyətlə daşırıb. Qələbəsizlik seriyasının uzanması Renduliçin ayrılmasını şərtləndirib və müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Odur ki, dünən onun ayrılıq xəbərinin açıqlanmasından 4 saat sonra Berezutskinin təyinatı təəccüblə qarşılanmamalıdır.
SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники