“Qarabağ” Avropa Liqasının 5-ci turu çərçivəsində sabah Fransa təmsilçisi “Lion”u qəbul edəcək. Ənənəvi olaraq oyundan öncə mətbuat konfransı keçirilir.
Turkustan.az xəbər verir ki, öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçisi Yassin Benzia media nümayəndələrinin önünə çıxıb. “Lion” tərəfinin mətbuat konfransı isə axşam saatlarında keçiriləcək.
Bu görüşə böyük maraq var. Hər iki klub üçün bu qarşılaşma mühüm əhəmiyyət kəsb edir. Ona görə də Fransadan müəyyən bir qrup media nümayəndəsi oyunu işıqlandırmağa gəlib. Onları maraqlandıran məqamlardan biri məhz bir vaxtlar “Lion”dakı parlaq oyunu ilə ad çıxaran Yassin Benzia olub.
Ona mətbuat konfransında çoxsaylı suallar ünvanlanıb. Onların əksəriyyəti isə “Qarabağ” və Qarabağ adı ilə bağlı olub. Ancaq Yassin onların suallarına peşəkar şəkildə cavab verib və qarşı tərəfin təxribatını ustalıqla neytrallaşdırıb.
Konfrans bitdikdən sonra fransalı jurnalistlər Benzia ilə yaxından görüşüb və söhbət ediblər. Onun buradakı vəziyyəti ilə maraqlanıblar. Əlcəzairli futbolçu isə onlara hər şeyin yaxşı olduğunu, burada özünü xoşbəxt hiss etiyini bildirib./publika.az