Ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı - 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq.
Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.
Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.