RU

Müğənni, "ekspert" dalaşdıran verilişlərdən necə qurtula bilərik? - Emin Əfəndi yazır...

Ölkə teleməkanında müğənni dalaşdıran, zövqsüz səhnələr yaradan verilişlər geniş vüsət almağa başlayıb. Əksər televiziya kanallarımızın böyük bir hissəsinin müğənnilərin qonaq olduğu və eyni ssenarili proqramlardan ibarət olduğunu nəzərə alsaq, televiziya gələcəyimiz və gələcək nəsillərin zövqü böyük bir sual altındadır.

 

Televiziyanın bizə zövq diktə etməsi artıq bir həqiqətdir. Amma əsas problem insanlarda zövqün olmamasında deyil. Əsla belə deyil! Əsl problem odur ki, televiziyalar yox, televiziyada işləyən bəzi insanlar – zövqsüzlükdən və dünya görüşü qıtlığından əziyyət çəkənlər – bizə zövq diktə edirlər.

 

Axı niyə belə olur?

 

Birinci səbəb – rəqabət: reqressiv rəqabət

 

Vaxtilə televiziya kanallarında keyfiyyət uğrunda rəqabət var idi. Artıq əfsanəyə çevrilmiş kanallar bir-birinin, sözün hər iki mənasında, “çörəyini almaq” üçün mübarizə aparırdı. Tamaşaçı isə bunun nəticəsində klassikaya çevrilən, yüksək keyfiyyətli, maraqlı və reytinqli verilişlər izləyirdi.

O dövrdə televiziya sahəsinə gələn gənclər Çingiz Mustafayev, Mirşahin, Nərgiz Cəlilova və Qənirə Paşayevanı görərək ilhamlanırdılar. İndi isə düşünək: sabah televiziya həvəsi ilə gələn gənc kimi görüb gələcək? Təəssüf ki, indiki bəzi “reqressivləri”.

Bu mənzərəni görən gənclər televiziyaya gəldikdə, çox güman ki, daha da aşağı səviyyədə olacaqlar. Çünki bu gün televiziyalarda rəqabət hələ də mövcuddur, amma keyfiyyət uğrunda deyil. Əksinə, daha “keyfiyyətsiz”, daha “şivən” və ya daha “açıq-saçıq” məzmun reytinq qazanır. Tamaşaçı isə nə qazanır? - Heç nə.

 

İkinci səbəb – reklamverənlərin təsiri

 

Televiziya kanallarının əsas məqsədi reklamverənləri cəlb etməkdir. Reklamverənlər isə kanalların əsas maliyyə mənbəyidir. Təbii ki, dövlət kanalları üçün bu, yüz faiz belə deyil. Amma hətta belə olan halda, kiminsə bu barədə ciddi düşünməsi vacibdir.

 

Problemin həlli yolları

 

    1. Böyük reklam şirkətləri bir araya gəlməli, ölkənin gələcəyi naminə bu tip verilişləri maliyyələşdirməməyi tövsiyə etməlidirlər.
    2. Reklam büdcələrinə cavabdeh olan şirkətlər, əgər xalqın gələcəyinə biganə deyillərsə, belə verilişlərə reklam büdcələri ayırmamalıdırlar.
    3. Sabah ölkə rəhbərliyi bu verilişlərin səviyyəsilə maraqlananda artıq gec olacaq – tamaşaçı üçün yox, amma bu vəziyyətə göz yumanlar üçün. İndidən düşünmək lazımdır.

 

Tamaşaçının məsuliyyəti

 

Bu yazını çoxlarının bəyənib dəstəkləyəcəyinə əminəm. Amma bir həqiqəti də etiraf edək: sosial şəbəkələrdə qarşımıza çıxan müğənni və ya “ekspert” davalarına bəh-bəhlə baxıb axıra qədər izləyirik. Problem də məhz bundadır – televiziyanın bizə təqdim etdiyini qəbul edirik. Bu təqdimat isə, çox təəssüf ki, zövqsüzlüyü normallaşdırır.


 

Emin Əfəndi

 

 

Müəllifin başqa yazılarını oxumaq üçün linkə keçid edin: //t.me/efendi19

Избранный
134
36
sfera.az

10Источники