RU

Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək - EKSKLÜZİV

Azərbaycan Sakit Okean və Karib ölkələrinə kosmik məlumatlar ötürərək iqlim risklərinin idarə olunmasına dəstəyin növbəti mərhələlərində onların öz proqramlarının qurulmasını təmin edəcək.

Bu barədə “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın kosmik sahədə artan rolu və qlobal əməkdaşlıqları, iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi dəstək sayəsində daha da güclənir: "Bu çərçivədə “Azərkosmos” tərəfindən həyata keçirilən mühüm layihələrdən biri, Sakit Okean və Karib hövzəsində yerləşən kiçik ada dövlətlərinə kosmik məlumatların ötürülməsi ilə bağlıdır".

D. Bədirxanov bildirib ki, BMT-yə üzv dövlətlərlə əldə edilən yeni razılaşma əsasında “Azərkosmos” bu regiondakı ölkələrə iqlim risklərinin idarə olunmasında dəstək göstərməyə başlayıb: "Layihə çərçivəsində həmin ölkələrə quraqlığın qiymətləndirilməsi, atmosferdə karbon qazının səviyyəsinə nəzarət, su ehtiyatlarının idarə olunması və meşə örtüyünün qırılmasının monitorinqi sahələrində kosmik məlumatlar və texniki biliklər təqdim edilir".

O qeyd edib ki, layihənin ilkin mərhələsində artıq konkret addımlar atılıb: “Azərkosmos” öz təcrübəsini bölüşərək, kiçik ada dövlətlərinin iqlim risklərinə qarşı dayanıqlığını artırmaq və onların müstəqil fəaliyyət göstərməsinə şərait yaratmaq məqsədini güdür. Layihənin növbəti mərhələlərində Azərbaycanın təqdim etdiyi bilik və texnologiyalar tam şəkildə bu ölkələrə ötürüləcək və onların öz proqramlarını qurması təmin ediləcək".

D. Bədirxanov vurğulayıb ki, bu təşəbbüs təkcə beynəlxalq əməkdaşlıq nümunəsi deyil, həm də Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə qlobal liderliyini nümayiş etdirmək baxımından mühüm platformadır.

Bildirilir ki, Agentlik əldə etdiyi məlumatlarla Konqo, Tuvalu, Dominikan Respublikası, Baham Adaları, Papua-Yeni Qvineya kimi kiçik ada dövlətlərində iqlim dəyişiklikləri ilə mübarizə aparan qurumlara çoxsaylı dəstəklər göstərir. Bura meşə ərazilərinin, əkin torpaqlarının, sahil xətlərinin monitorinqi, baş verə biləcək sunami kimi nadir baş verən təbiət hadisələrindən qorunmaq üçün ən düzgün çıxış yollarının araşdırılması, həmçinin quraqlıq, sel və daşqınlara bağlı problemlərə hazırlıq üçün qabaqlayıcı addımların atılması daxildir. Paralel olaraq həmin ölkələrdə kosmik məlumatın işlənməsi üzrə bilik və təcrübə həddindən artıq az olduğu üçün onlara müxtəlif təlim və treninqlər həyata keçirilir.

Избранный
20
1
ekologiya.az

2Источники