RU

“Dərhal iş yerləri bərpa olunmalıdır” — Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

Metronun 20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən kiçik ticarət obyektləri bir müddət öncə sökülüb. Sahibkarlara sonrakı fəaliyyətləri ilə bağlı heç bir açıqlama verilməyib. Problem qazancını ordan əldə edən insanların haqlı narazılığına səbəb olub. Məsələ ilə bağlı Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə fikirlərini bölüşüb.

Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, sahibkarlara verilən sözlərə əməl edilməyib.

Deputat deyib:

“Bu cür məsələlər insanımızı narazı salan məsələdir. Sahibkarlara bir müddət əvvəl deyilib ki, obyektlər COP29 səbəbindən bağlanır, qısa müddət sonra yenidən açıqlacaq. Təəssüflər olsun ki, onlara verilən sözə əməl edilməyib. Məlum olub ki, həmin obyektlər birdəfəlik bağlı qalacaq. Bu, orada işləyən, pul qazanan hər kəs üçün ciddi zərbədir. Biz insanlarımıza yeni iş yerləri açmalıyıq, onları işlə təmin etməliyik. Şərait yaratmalıyıq ki, vətəndaşlarımız özləri biznes fəaliyyəti ilə məşğul ola bilsinlər. Hazırki vəziyyətdə iş yerlərinin bağlanması heç bir halda təqdir oluna bilməz”. 

O qeyd edib ki, problemlə bağlı dərhal qərar qəbul edilməli, iş yerləri bərpa olunmalıdır:

“Ərazidə heç bir ciddi dövlət məsələsi ilə bağlı problem yoxdursa, iş yerlərinin bağlanması doğru deyil. 

Görünür ki, kimsə özünün gələcək biznes maraqları üçün bunu edib. Elə deyilsə, vaxtında insanlara xəbərdarlıq edilməli idi ki, hansı səbəbə görə iş yerləri bağlanacaq. Sahibkarlara yalan məlumat verilib.
 COP29 səbəb göstərildiyi üçün insanlar hörmət əlaməti olaraq sözə inanıb, razılıq veriblər. Onları aldadaraq iş yerlərinin bağlanması heç bir halda doğru deyil. Birmənalı olaraq qınanılmalıdır. İş yerləri açılmalı, fərdi sahibkarlara fəaliyyətlərini davam etdirmək imkanı verilməlidir”. 

Qeyd edək ki, paytaxtın insan axını çox olan digər ərazilərində ticarət obyektləri fəaliyyət göstərməyə davam edir, ancaq “20 Yanvar” stansiyasının keçidində fəaliyyət göstərən onlarla ticarət obyektləri isə səbəbsiz yerə dayandırılıb. 


Əfsanə Kamal
Demokrat.az
Избранный
49
50
demokrat.az

10Источники