RU

“Münasibətlərin tarixi müstəqilliyimizin ilk günlərindən başlayıb“ - ŞƏRH EDİLDİ

“Azərbaycan-ABŞ münasibətlərinin tarixi müstəqilliyimizin ilk günlərindən başlayıb. Maraqlıdır ki, Azərbaycan dövlət müstəqilliyini elan edəndə ABŞ-da hakimiyyətdə respublikaçılar idi. Bu ölkənin hakimiyyətləri arasında Azərbaycanla konstruktiv əməkdaşlıq edən partiya Respublikaçılar olub. Bu ilin noyabrın 5-də keçirilən seçkilərdə Respublikaçı Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildi və demokratların ölkəmizə olan qeyri-müəyyən siyasəti ən azından 4 il ərzində bloklaya bildi. Demokratların hakimiyyəti barəsində belə düşünməyə bizi vadar edən çoxlu nüanslar var. Co Bayden prezidentliyə başlamasının ilk günündən Azərbaycana qarşı qərəzli və əsasən erməni lobbisinin tərtibinə uyğun mövqedə dayandı, ikili standartlara rəvac verdi, Ermənistan-Azərbaycan savaşında işğalçıya dəstək oldu, ermənilərin törətdikləri cinayətləri görməzdən gəldi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu siyasəti ilə Bayden hakimiyyəti ABŞ tarixinə qara ləkə kimi düşəcək: “Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edib və onu təbrik edib. Təbrik məqsədli telefon zəngində bir sıra məqamlar diqqət çəkir. Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq. Baydendən fərqli olaraq Tramp praqmatik siyasətçidir. Onun prezident seçilməsinin bir çox münaqişələrin tənzimlənməsi ilə nəticələnəcəyi düşünülür. Azərbaycan Trampın hakimiyyəti dövründə Qarabağ problemini böyük ölçüdə həll etdi. Erməni lobbisinin Baydeni dəstəkləməsi təsadüfi deyildi.

Rəsmi Bakı düşünür ki, Trampın hakimiyyətə gələndən sonra Ermənistanla ikili danışıqlar effketiv olacaq və prosesə kənar təsirlər azalacaq. Başqa sözlə, sülh müqaviləsinin imzalanması daha real görünür. Təcrübə göstərir ki, kənar təsirlər olmasa, Ermənistanla uzlaşma əldə etmək mümkündür. Birinci prezidentlik dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib. Bakı ilə Vaşinqton arasında enişli-yoxuşlu bir münasibətlər sistemi var.

Prezidentin təbrik mesajında qeyd etdiyi məqamlar D.Tramp dövründə Bakı-Vaşinqton münasibətlərinin normallaşması, hətta inkişafına olan inamın göstəricisidir. Azərbaycan ABŞ-la bir çox sahədə əməkdaşlıq edir və yeni perspektivlər var. Bakı Avropanın enerji təminatı kimi məsələlərdə ən etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Azərbaycanın İran-İsrail, Türkiyə-İsrail, ABŞ-Rusiya, Ukrayna-Rusiya, ABŞ-Çin kimi tandemlərdə balans yaratmaq ustalığı Bakını Vaşinqtonun diqqət mərkəzinə gətirir. Fors-major hadisə baş verməsə, Trampın hakimiyyəti dövründə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Bu da regional aktor kimi Bakının çəkisini artırar. Avropaya nəql edilən təbii qazın artırılmasında da Azərbaycan-ABŞ münasibətlərinin normallaşması mühüm yer tutur”.

Müəllif: Səbinə Hüseynli
Избранный
19
sia.az

1Источники