RU

"Vicdanla danış, mənim bankdan 7 milyon manat götürməyimi görübsənmi?" - Şlyapa Zahidin işi

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xamiz Süleymanov ifadə verib. O bildirib ki, Ata Bank ASC-də işləyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxsi görməyib, onu tanımayıb.

Xamiz Süleymanov qeyd edib ki, onun bankda müştərilərlə təması olmayıb: "Mən bankda depozit, inkassasiya işlərinə baxmışam. Bankın padvalında olmuşam. Seyflərə nəzarət etmişəm. Pul müştərilərə elektron formada verilib, biz də bundan elektron formada tanış olmuşuq. Bu işləri də bankın əməliyyat şöbəsi görüb. Mənim müştərilərlə hər hansı bir təmasım olmayıb. Zahid Niftəliyevə pulun köçürülməsindən xəbərim olmayıb".

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, 1997-2020-ci illərdə bankda işləyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib.

Amma dövlət ittihamçısı qeyd edib ki, şahidin hazırkı məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər var. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissləri elan olunub.

Xamiz Süleymanovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, bankın depozitlərin saxlanc yerində sabiq vergilər naziri Fazil Məmmədovun və Mahir Rəfiyevin özlərinə məxsus seyfləri olub: "Bununla bağlı onlar özlərində qeydlər aparıblar, seyfə özləri baxıblar. Amma mənə güvəndikləri üçün seyfinin açarını mənə veriblər. Mən də orada olan pullardan Mahir Rəfiyevin göstərişi ilə başqa-başqa şəxslərə apararaq çatdırmışam. Həmçinin nazirlikdə Mahir Rəfiyevin köməkçisinə apararaq vermişəm".

Şahid ibtidai istintaq zamanı verdiyi bu ifadəsinə belə izah verib: "Orada iki otaq olub. Birində bankın müştərilərinin depozitləri, əmanətləri saxlanılıb. Digər otaqda isə müştərilərin şəxsi seyfləri olub. Bunun da banka heç bir adiyyəti olmayıb. Həmin şəxslər özləri seyflərə nəzarət ediblər".
Daha sonra ifadə verən digər şahid Xəyyam Süleymanov bildirib ki, Ata Bank ASC-nin xəzinədarı olub. Onun sözlərinə görə, Zahid Niftəliyevi tanıyıb, onu illər əvvəl bankda görüb: "Müştəri tərəfindən banka kreditin məbləği sifariş olunub. Əməliyyat şöbəsində sənədlər hazırlanıb və Zahid Niftəliyevə bununla bağlı qəbz verilib. Həmin qəbz əsasında da xəzinədarlığa yaxınlaşıb və qəbzi bizə təqdim edib. Həmin qəbz də 7 milyon manat vəsait göstərilmişdi. Mən belə xatırlayıram. Pul sayıldıqdan sonra Zahid Niftəliyev götürüb. Ümumiyyətlə xəzinədarlıqdan pullar sayılmadan müştəriyə verilmir. Zahid Niftəliyev özü pulu alıb, başqasının alması mümkün deyil".
Zahid Niftəliyev bildirib ki, heç vaxt bankda olmayıb, ümumiyyətlə bankın xəzinədarlığının yerini bilməyib: "Sənin balaların var, sən heç məni görmüsən? Danışanda vicdanla danış, məni heç bankdagörmüsənmi? Mənim bankdan 7 milyon manat götürməyimi görübsənmi? Allahın bilər, özün bilərsən".

Şahid Xəyyam Süleymanov qeyd edib ki, şəxsin özü olmadan başqa şəxsə pul verilmir. Onun sözlərinə görə, Zahid Niftəliyevin özü xəzinədarlıqdan pulu şəxsiyyət vəsiqəsi ilə birlikdə götürüb.
Daha sonra hakim şahid Xəyyam Süleymanovun ibtidai istintaq zamanı ifadəsində Zahid Niftəliyevin bankdan götürdüyü məbləğləri elan edib. Şahid ibtidai istintaq zamanı ifadəsində göstərib ki, Zahid Niftəliyev 2015-ci ildə bankdan 7 milyon 350 min manat, daha sonra isə 24 milyon 234 min manat kredit götürüb.

Növbəti proses dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.


Müəllif: Hacı Zeynalov
Избранный
16
4
teleqraf.com

5Источники