RU

Məktəblərdəki kağız tullantılar təkrar emal edilməlidir — TƏKLİF

Bakıda bir məktəbdən toplanan 2 tona yaxın kağız təkrar emala göndərilib. Cari ilin aprel ayında Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində başladılan "Green Note" layihəsinin birinci mərhələsi yekunlaşıb. 

Layihənin məqsədi məktəbdə istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının təkrar emala yönləndirilməsi ilə şagirdlər arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbiətin mühafizəsinə töhfə verməkdir. Green Note” layihəsi çərçivəsində 3 mindən çox şagirdin təhsil aldığı məktəbdə quraşdırılmış 12 ədəd toplama qutusu sayəsində tullantıların azaldılmasına və ətraf mühitə zərərin minimuma endirilməsinə mühüm töhfə verilib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında bu təşəbbüsü müsbət dəyərləndirib. 

O qeyd edib ki, bu layihəni digər təhsil müəssisələrində də təşviq etmək lazımdır:

“Hesab edirəm ki, bu, nümunəvi ekoloji layihələrdən biridir. Anoloji layihələrin keçirilməsinə, bu kimi əməli addımların davam etdirilməsinə ehtiyac var. Məktəblərdə hər gün kifayət qədər kağız tullantılar əmələ gəlir. Kağız tullantıların təkrar emala göndərilməsi ekosistemi mühafizə etməyə yönəlmiş addımdır. Müxtəlif qurumlar tərəfindən bu istiqamətdə alternativlər reallaşdırılıb Azərbaycanda. Müxtəlif ölkələrdə, məsələn, mən İsveçdə olarkən iki il öncə bunun şahidi oldum – bütün tullantıların, yəni biokütlələrin yığılaraq təkrar emalı nəticəsində alınan bioqazdan ümumilikdə şəhər infrastrukturunda istifadə olunur. Bu kimi addımların atılması üçün ölkəmizdə kifayət qədər imkan var. 

Kəndlərdə müxtəlif tullantılar, məişət tullantıları çaylara, təbiətə atılır. Bunları yığıb təkrar emala göndərsək, həm ətraf mühiti qorumuş olarıq, həm də ekoloji maarifləndirməni, ekoloji tərbiyəni təşviq edərik. 

Hesab edirəm ki, məktəblərdə bunu təşviq etmək lazımdır, icmalar yaradılmalı, tullantıların yığılması, təbiətə atılmaması, onlardan təkrar istifadənin əhəmiyyəti təbliğ olunmalıdır. Müxtəlif növ tullantılar üçün ayrı-ayrı konteynerlər qoyulmalıdır, xüsusən də, rayon, kənd yerlərində. İş adamlarını, sahibkarlıq subyektlərini də bu işə cəlb etmək olar. Tullantıların təkrar emalı biomüxtəlifliyi qoruyur, flora və faunanı mühafizə edir”.


Törə Zeynallı
Demokrat.az
Избранный
8
demokrat.az

1Источники