RU

“Mənim bankdan 7 milyon manat götürməyimi görmüsənmi?” – “Şlyapa Zahid” əsəbiləşdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, 42 milyon manatlıq mənimsəmədə ittiham olunur. Barəsindəki cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunub.

Prosesdə şahid qismində Xamiz Süleymanov ifadə verib.

O bildirib ki, “Ata Bank” ASC-də işləyib. Təqsirləndirilən şəxsi görməyib, onu tanımayıb. Xamiz Süleymanov qeyd edib ki, bankda müştərilərlə təmasda olmayıb: "Mən bankda depozit, inkassasiya işlərinə baxmışam. Bankın zirzəmisində olmuşam. Seyflərə nəzarət etmişəm. Pul müştərilərə elektron formada verilib, biz də bundan elektron formada tanış olmuşuq. Bu işləri bankın əməliyyat şöbəsi görüb. Zahid Niftəliyevə pulun köçürülməsindən xəbərim olmayıb".

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, 1997-2020-ci illərdə bankda işləyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Amma dövlət ittihamçısı qeyd edib ki, şahidin hazırkı məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa ifadəsi arasında ziddiyyətlər var. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissləri elan olunub. Xamiz Süleymanovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, bankın depozitlərin saxlanc yerində sabiq vergilər naziri Fazil Məmmədov və Mahir Rəfiyevin özlərinə məxsus seyfləri olub: "Bununla bağlı onlar özlərində qeydlər aparıblar, seyfə özləri baxıblar. Amma güvəndikləri üçün seyfinin açarını mənə veriblər. Mən də orada olan pullardan Mahir Rəfiyevin göstərişi ilə başqa-başqa şəxslərə apararaq çatdırmışam.

Həmçinin nazirlikdə Mahir Rəfiyevin köməkçisinə aparıb pul vermişəm". Şahid ibtidai istintaq zamanı verdiyi bu ifadəsinə belə izah verib: "Orada iki otaq vardı. Birində bankın müştərilərinin depozitləri, əmanətləri saxlanılırdı. Digər otaqda isə müştərilərin şəxsi seyfləri qoyulmuşdu. Bunun banka heç bir adiyyəti yox idi. Həmin şəxslər özləri seyflərə nəzarət edirdilər". Daha sonra ifadə verən digər şahid Xəyyam Süleymanov bildirib ki, “Ata Bank” ASC-nin xəzinədarı olub. Onun sözlərinə görə, Zahid Niftəliyevi tanıyıb, onu illər əvvəl bankda görüb: "Müştəri tərəfindən banka kreditin məbləği sifariş olunub. Əməliyyat şöbəsində sənədlər hazırlanıb və Zahid Niftəliyevə bununla bağlı qəbz verilib. Həmin qəbz əsasında da xəzinədarlığa yaxınlaşıb və qəbzi bizə təqdim edib. Həmin qəbzdə 7 milyon manat vəsait göstərilmişdi. Mən belə xatırlayıram. Pul sayıldıqdan sonra Zahid Niftəliyev götürüb. Ümumiyyətlə, xəzinədarlıqdan pullar sayılmadan müştəriyə verilmir. Zahid Niftəliyev özü pulu alıb, başqasının alması mümkün deyil".

Zahid Niftəliyev isə bildirib ki, heç vaxt bankda olmayıb, ümumiyyətlə, bankın xəzinədarlığının yerini bilməyib: "Sənin balaların var, sən heç məni görmüsən? Danışanda vicdanla danış, məni heç bankda görmüsənmi? Mənim bankdan 7 milyon manat götürməyimi görübsənmi? Allahın bilər, özün bilərsən". Şahid Xəyyam Süleymanov qeyd edib ki, şəxsin özü olmadan başqa şəxsə pul verilmir. Zahid Niftəliyevin özü xəzinədarlıqdan pulu şəxsiyyət vəsiqəsi ilə birlikdə götürüb. Daha sonra hakim şahid Xəyyam Süleymanovun ibtidai istintaq zamanı ifadəsində Zahid Niftəliyevin bankdan götürdüyü məbləğləri elan edib. Şahid ibtidai istintaq zamanı ifadəsində göstərib ki, Zahid Niftəliyev 2015-ci ildə bankdan 7 milyon 350 min manat, daha sonra isə 24 milyon 234 min manat kredit götürüb.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir. İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb. Proses dekabrın 18-də davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
3
4
musavat.com

5Источники