İngiltərə yığmasının və “Real”ın yarımmüdafiəçisi Cud Bellingem AÇ-2024-dən sonra aldığı tənqidlərin ona təsirindən söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən Avropa çempionatından sonra gülümsəməyə yadırğamışam. Komanda üçün etdiklərimi nəzərə alaraq, düşünürəm ki, mənə ədalətli münasibət göstərilməyib. Bəlkə də özümü qismən günah keçisi kimi hiss edirdim. Amma milli komandaya son çağırış zamanı yeni simaların əhatəsində oynamaq imkanım olanda, təbəssümüm yenidən qayıtdı. Mən onu “Real”da heç vaxt itirməmişəm. Onun olmaması Avropa çempionatı ilə bağlı idi”, deyə Bellingem bildirib.
Xatırladaq ki, AÇ-2024-ün final oyununda İngiltərə yığması İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Cari mövsümdə isə Bellingem “Real” üçün 14 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə verib. Hücumameyilli yarımmüdafiəçinin “Real”ın heyətindəki ümumi göstəriciləri belədir: 56 oyun, 25 qol və 17 məhsuldar ötürmə.
Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.