"10lineloto", yaxud müasir texnologiya ilə həyatımıza girən qanunsuz şans oyunu...
Son dövrlər ölkəmizdə qanunsuz şans oyunlarının geniş yayılması ciddi narahatlıq doğurur. Bu oyunların azyaşlılara da asanlıqla əlçatan olması cəmiyyət üçün böyük təhlükə yaradır. Belə qanunsuz şans oyunlarından biri də “10lineloto”dur.
Bəs, belə qanunsuz şans oyunlarını təbliğ edənlərə nə ad vermək olar?
Sosial şəbəkələrdə, xüsusilə “TikTok”, “Instagram”, “Telegram”da qanunsuz şans oyunlarının sürətlə təbliğatı aparılır. Xeyr, bu təbliğatı aparanlar başqaları deyil, məhz bu ölkədə tanınan, bir çoxu incəsənət, kino, teatr aləminin sayılıb-seçilən şəxsləri, bir çoxu sosial şəbəkədə tanınan, bir çoxu da idmançıdır. Məsələn, aktyor Azər Aydəmir, idmançı Şükran Soltanov, müğənnilər Damla, Elgün Hüseynov, Qumral, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova və digərləri “10lineloto”nun aktiv təbliğatçılarıdır. Onların sırasına son günlər Aygun Məstiyeva (@amasti_one), Nurlan da (@11urlan) daxil olub.
Bu, təkcə zərərli vərdişlərin yayılması, azyaşlılar da daxil olmaqla onlara belə vərdişləri aşılamaq deyil, həm də böyük qanun pozuntusudur. Hüquq-mühafizə orqanları dəfələrlə bununla bağlı xəbərdarlıq edib. Üstəlik belə qanunsuz şans oyunlarına aid çox sayda dələduzluq faktları var. Onlardan qanunsuz şans paltforması “Mostbet”in istifadəçi Ayaz İkramoğlunun qazandığı 156 461 manatını ödəməyib, həmçinin hesabını bloklaması, eləcə də Pin-UP saytının "Jude Bellingham" adlı istifadəçinin içində 3500 manat olan hesabını heç bir xəbərdarlıq etmədən bağlaması kimi faktları xatırlamaq olar.
"Mostbet" vətəndaşın udduğu 156 461 manatı ödəmir — FOTO
Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT


Qanunla tənzimlənməyən lotereya və mərc oyunlarının digər neqativ tərəfi ondan ibarətdir ki, burada dövriyyə gizlədilir, dövlətə hər hansı bir vergi verilmir, bu oyunların şərtləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılmır, oyunlarda iştirak edən şəxslərin hüquqları pozulur, uduşların ödənilməsinə zəmanət verilmir, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilməsi mexanizmləri mövcud deyil. İstənilən halda bu cür oyunların keçirilməsi nə dövlət, nə cəmiyyət, nə də oyunda iştirak edənlər üçün faydalıdır.
Qanunla tənzimlənən şans oyunları isə dövlət tərəfindən tənzimlənir. Burada həm təşkilatçının, həm də oyunçuların hüquqları dövlət tərəfindən qorunur. Çünki hər şey qanun çərçivəsində həyata keçirilir. Həm dövriyyə uçotu aparılır, vergi ödənilir, həm də oyunlar qaydalar çərçivəsində təşkil edilir.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də rəsmi məlumat yayıb. Bəyan edilib ki, bu cür qanunsuz mərc oyunlarının təşkil və təbliğ olunması qanunla qadağandır. Lakin bu oyunları təbliğ edənlər öz əməllərini qəbul etmək istəmirlər. Bəziləri bildirirlər ki, belə oyunların qanunla qadağan olunduğunu bilməyiblər, halbuki müvafiq orqanlar dəfələrlə bu haqda xəbərdarlıq edib.
Bəziləri isə ümumiyyətlə belə təbliğat aparmadıqlarını iddia edirlər. Misal üçün, aktyor Azər Aydəmir “Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir-iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin, adları qarışdırdıqları üçün üzr istəyərlər”, deyə özünü təmizə çıxarmağa çalışır. Halbuki Azər Aydəmirin “10lineloto” oyununu təbliğ etdiyinə dair videofaktlar var.


Bəs belə reklamlara baxanlar, xüsusilə azyaşlıları nə öyrənirlər?!
1. Qanunsuz mərc oyunlarına asan qazanc yolu kimi baxıb aldanırlar.
2. Avtomobillə istənilən yol-hərəkət qaydasını pozub özünün və başqalarının həyatını təhlükə altında qoya bilərlər.
3. Silahlı gəzmək və istədiyini etmək mümkündür və s.



Eləcə də sosial şəbəkədə 4 milyona yaxın izləyiciyə sahib olan məşhur idmançı Şükran Soltanovun belə qanunsuz şans oyunlarını təbliğ etməsi cəmiyyətə yaxşı örnək deyil. Son vaxtlar daha çox yumoristik videoları ilə məhşurlaşan idmançının sağlam həyat tərzini təblig etmək əvəzinə istifadəçilərə həm mənəvi, həm də maddi zərər vuran, qeyri-leqal şans oyunlarını reklam etməsi qəbul edilməzdir.
Görəsən tanınmış bloger Şükran Soltanov bu oyunların qanunsuz olduğunu bilmirmi? Bu sualla adıçəkilən şəxslə əlaqə saxladıq...
Məsələ ilə bağlı Şükran Soltanov Demokrat.az-a açıqlamasında bildirib ki, o, Azərbaycanı sosial şəbəkələrdə gözəl təbliğ edir:
"COP29 ərəfəsində də gözəl təbliğatlar aparmışam. Ölkəmizdə ən aktiv sosial səhifənin sahibiyəm.
Mən bunlardan başqa heç nəyin təbliğatını aparmıram. Bəzi boş adamlar mənimlə prinsip aparır. Adımı qeyd edib şəklimi paylaşırlar.
Loto hər kəsin evində var. Mən həyatı boyu bir kazino belə reklam etməmişəm. "Xbet" kimi reklamları mənim səhifəmdə görə bilmərsiniz. Dəfələrlə təklif gəlib. Rədd etmişəm. Mən qazancımı yalnız işimdən əldə edirəm".
Açıqlamadan da gördüyünüz kimi idmançı qanunsuz şans oyunlarını, qanunlardan irəli gələn tələbləri araşdırmaqda çətinlik çəkir. Doğrudan da qanunuz şans oyunları ilə bağlı cəmiyyətin maarifləndirilməsinə ehtiyac var.


Pravda az