RU

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

Vətəndaş səhvən başqa şəxsin bank kartına köçürdüyü pulu geri ala bilməməsindən şikayətçidir.

O, sosial mediada etdiyi paylaşımında qeyd edib ki, iki ay əvvəl səhvən başqasının kartına köçürdüyü pulu həmin şəxs xərcləyib:

"İki ay əvvəl bir nəfər terminaldan kartına pul ata bilmədi. Köməklik göstərdim, mən atdım. Bunun səhəri özüm başqa adama 800 manat köçürmək istəyəndə ödənişi səhvən köməklik göstərdiyimin kartına göndərmişəm. İkimizdə də eyni bankın kartı idi. Məndə kartın üzərindəki kodun 8595, onda 8995 ilə bitməsi məni çaşdırdı. Bank pulu köçürdüyüm şəxslə əlaqə saxlayıb, o deyir ki, pulu xərcləmişəm. Polis banka sorğu verib, lakin bank bildirir ki, məhkəmə qərarı olmalıdır. Məhkəməyə gedirəm, o da deyir ki, adamın ad-soyadı olmadan nəsə edə bilmərik".

Maraqlıdır, belə halla qarşılaşan vətəndaş pulunu geri necə qaytara bilər?

Paralel.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaş məhkəmə yolu ilə pulunu geri qaytara bilər:

"Pulun köçürüldüyü şəxs məbləği öz xoşu ilə geri qaytarmadığı təqdirdə məsələ məhkəmə yolu ilə həll olunmalıdır. Vətəndaş banka müraciət etməlidir ki, pulun köçürüldüyü şəxslə əlaqə saxlanılsın. Bundan sonra şəxs öz xoşu ilə qaytarmasa, məhkəmə qaydasında pulun geri qaytarılması tələb olunmalıdır. Məhkəmə qərarı birmənalı olaraq pul köçürməsini edən şəxsin xeyrinə olmalıdır. Məhkəmə də iddia yazanda çıxacaq bütün xərcin pulun köçürüldüyü şəxsdən alınmasını bildirməlidir".

Ekspertin sözlərinə görə, məhkəmə pulun köçürüldüyü şəxsin adı olmadığını əsas gətirərək nəsə edə bilməyəcəyini deyirsə, vətəndaş ilk olaraq iddianı banka qarşı qaldırmalıdır:

"Məhkəmə bankdan rəsmi qaydada bütün məlumatları alacaq. Bundan sonra məhkəmə cavabdehi dəyişdirəcək. Belə bir prosedur var. Məhkəmə icraatı zamanı cavabdeh əsl cavabdeh ilə əvəz edilə bilər".

Избранный
10
16
paralel.az

10Источники