RU

“Bu gün qonorar hesabına yaşamaq mümkün deyil”- TƏKLİF

Milli Məclisin 27 noyabr tarixində keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Elnarə Akimova maraqlı təklif səsləndirib. Millət vəkili məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etməyi təklif edib:

 

“Ədəbi orqanlarda çap olunan məqalələrə yazılan qonorarlardan 29 faiz vergi tutulur. Bu qədər vergi tutulandan sonra da yaradıcı adama boş əziyyətdən başqa heç nə qalmır. Onsuz da bu sahədə çalışanların maaşı azdır. Qələm adamı üçün bir məqalənin hasilə gəlməsi o qədər də asan proses deyil və bunun qarşılığı qəpik-quruş olmamalıdır. Mədəniyyət Nazirliyinin hər hansı mövzu ilə bağlı verdiyi sifariş əsasında kitablar ərsəyə gətirilir. Müəllif bir kitabın hasilə gəlməsi üçün araşdırma aparır, tədqiqat xarakterli mətn ərsəyə gətirir. Nəticədə yaxşı qonorar da yazılır. Amma yaxşı yazılan bu qonorardan o qədər vergi tutulur ki, verilən əməyə insanın heyfi gəlir. Yaradıcı şəxs öz əziyyətinin qarşılığını layiqincə almalıdır ki, onda stimul yaransın. Bu mənada, təklif edirəm ki, məqalə və kitablara yazılan qonorarlardan tutulan vergini maksimum azaltmaq, yaxud ləğv etmək lazımdır və bu ölkənin qələm sahiblərinə xeyli dəstək olar”.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov məlum təklifi dəstəklədiyini bildirib. Dilmi alim qeyd edib ki, qonorarların vergidən azad edilməsi qələm adamlarının sosial rifahının yaxşılaşmasına dəstək olar:

 

“Sovet dövründə yazıçıların, alimlərin, qələm adamlarının adət etdikləri qonorar başqa idi. O dövrün qonorarı ilə yazıçılar, alimlər sözün həqiqi mənanasında yaşayırdılar. Indi isə qonorar hesabına yaşamaq prinsip etibarilə mümkün deyil.

 

Sovet vaxtında qəzetlərdə çıxan yazılar, televiziyalarda, radiolardakı çıxışlar imkan verirdi ki, yaradıcı admlar müəyyən vəsait alsınlar. Bu gün isə bu qonorarın miqdarı azdır. Əlbəttə, söhbət ondan getmir ki, sovet dövründə olan xüsusiyyətlər, münasibətlər bərpa edislin. Bu, bərpa oluna bilməz. Bu, mümkün deyil. Amma bununla yanaşı, düşünülməlidir ki, yazısı çap edilən adamlara, televiziyada, radioda çıxış edən yaradıcı şəxslərə qonorar verilsin və bu qonorarın məbləği imkan daxilində yüksək olsun”.

 

Seymur ƏLİYEV

Избранный
7
1
moderator.az

2Источники