RU

Gürcüstan, Azərbaycan və Türkiyə bir blokda yer ala bilərmi? (ŞƏRH)

"Gürcüstanın Türkiyə və Azərbaycanla bir blokda olması qeyri-mümkündür". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə-Azərbaycan-Gürcüstan bloku ehtimalını şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli formatı mövcuddur. Bu kontekstdə zaman-zaman iqtisadi, təhlükəsizlik, müdafiə yönündə xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda görüşlər və konkret qərarlar da qəbul olunub:

"Habelə, birgə hərbi təlimlər də keçirilir. Ancaq bu üç dövlətin bir blokda birləşməsi ehtimalı o qədər də yüksək deyil. Çünki Tiflis Ankara və Bakı ilə normal münasibətlər və əməkdaşlıqdan nə qədər dəm vursa da, Gürcüstanın özünün geosiyasi maraqları var. Tiflis balanslaşdırılmış siyasət yürütməklə hər hansı bir bloka birmənalı olaraq yaxın olduğunu büruzə vermək istəmir. Düşünür ki, bu, Gürcüstan üçün böyük bir problemə çevrilə bilər. Gürcüstan uğrunda Qərb və Rusiya mübarizəsi Tiflisin indiki şəraitdə balanslaşdırılmış siyasəti davam etdirməsinə şərait yaradır". 
 


Ekspert qeyd edir ki, bu səbəbdən də rəsmi Tiflis ən ağrısız və təhlükəsiz siyasət olduğundan məhz balanslaşdırılmış xətti seçib:

"Ona görə də Türkiyə-Azərbaycan-Gürcüstan blokunun yaradılmasını gözləmirəm. Ancaq isti münasibətlər davam edəcək. Söhbət Cənubi Qafqazdan gedirsə, burada təbii ki, regionun təhlükəsizlik arxitekturasından söhbət gedə bilər. Bunun üçün də ilk növbədə Cənubi Qafqaz ölkələri arasında sülh və əməkdaşlıq mövcud olmalıdır. Xüsusən də Azərbaycanla Ermənistan arasında... Münasibətlər sistemi o səviyyəyə qalxmalıdır ki, Cənubi Qafqazı bütöv bir sistem olaraq görmək mümkün olsun. Bunun üçün də Cənubi Qafqazın 3 ölkəsinin tam müstəqil olmasına ehtiyac var".

Həmsöhbətimiz hələlik bu sistemin regionumuzda mümkün olmadığını düşünür:

"Çünki Ermənistan müstəqil deyil, Azərbayanla sülh müqaviləsi imzalanmayıb. Gürcüstanda isə qeyri-müəyyənlik davam edir, hansı qütbə - Qərbə, yoxsa Rusiyaya yaxınlaşmaq məsələsində hələ də get-gəldədir. Bu səbəbdən indiki vəziyyətdə Gürcüstanın Türkiyə və Azərbaycanla bir blokda olması qeyri-mümkündür".

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələr durmadan inkişaf edir. Bu əlaqələr təhlükəsizlik də daxil olmaqla geniş spektri əhatə edir. Bu günlərdə Gürcüstanın yeni xarici işlər naziri Maka Boçorişvili də bildirib ki, Tiflis Azərbaycan və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini, regional və qlobal əhəmiyyətli layihələri davam etdirəcək. 

"Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq", deyə nazir vurğulayıb. 

O əlavə edib ki, Gürcüstan qonşu ölkələr arasında dialoqu və konstruktiv əməkdaşlığı təşviq edəcək və bu da bütün regionun marağındadır. 

Rüfət Sultan

Избранный
1
1
qaynarinfo.az

10Источники