RU

“Milli ruh, xarakter və istək - ən azı bunlar üçü olmalıdı” - Vüqar Nadirov yığmanın problemini nədə görür?

Xəbər verdiyimiz kimi, Vüqar Nadirov “Şəmkir”in baş məşqçisi təyin olunub. Klub rəhbəri Vüsal Məmmədov isə mövsümün sonunda ilk “üçlük”də qərarlaşmalı olduqlarını deyir. Vüqar Nadirovla həm təyinatı, həm də milli komanda ilə bağlı danışdıq.

- “Hypers Quba”dan ayrılandan bir neçə gün sonra “Şəmkir”ə baş məşqçi təyin edildiz. Necə alındı?
- "Şəmkir"in doğrudan da, ağırlığı var. Tarixi komanda olub. Burda həmişə güclü məşqçilər işləyib. Qəhrəman Əliyev, Ağasəlim Mircavadov kimi mütəxəssislər “Şəmkir”i çalışıb. Azərbaycan futboluna tanınmış futbolçular bəxş edib. Açığı, rəhbərliklə yaxın idim. Vüsaldan zəng gəldi, tərəddüd etmədən "hə" dedim. Mənə göstərilən isti münasibət qarşılığında burda çalışmaq qərarına gəldim.

- Qarşınıza hansısa hədəf qoyulub?
- Komandaya yeni gəlmişəm. Hədəf tam qoyulmayıb. Amma mən hədəfləri olan biriyəm. Bilirsiz ki, hara gedirəmsə, çalışıram ki, ən yaxşısını edim. Bura gələndə bilirdim ki, hansı yükün altına girirəm. Ona görə növbəti 4 oyunda əlimizdə olan uşaqlardan istifadə etməyə çalışacağıq. Məlumdu ki, dekabra qədər transfer edə bilmərik. Ondan sonra yaxşı kollektiv, yaxşı komanda quracağıq. Komandaya baxandada görürük ki, pis deyil. Uşaqlar indi çox sərbəstdi. Sadəcə, qarşıdakı 4 tur ərzində əlimizdə nə material varsa, ondan istifadə etməliyik.

- "Şəmkir"in prezidenti açıqlamasında 3-cü yeri hədəf göstərib.

- Bacarıqlı oyunçularımız var. Bilirsiz ki, gənclərə, perspektivli oyunçulara üstünlük verirəm. Gəncə, Tovuz, Göygöl, Qazax, Ağstafa zonasından axtarışdayıq.

- "Hypers Quba"ya bəzi oyunçuları siz aparmışdız. Bəs onları “Şəmkir”ə cəlb etmək fikriniz var?
- Əlbəttə. Dekabrda “transfer pəncərəsi” açılanda hamısına təklif göndərəcəyik. Yəni ordan ayrılanda da demişəm ki, dekabra qədər "Hypers Quba"ya məxsussuz. Baxacam ki, hansı mövqe üçün ehtiyac var. Danışıqlardan sonra alınsa, ordan da bir neçə futbolçunu transfer edəcəyik.

- Yığma haqda danışaq. Niyə İsveçə 0:6 uduzduq?
- Hamı eyni sözü deyir. Mən də futbolçu olmuşam, 6:0 uduzmaq həm oyunçulara, həm məşqçiyə, həm də AFFA-ya zərbədi. Bir məşqçi gəlibsə, ona struktur qurmaq üçün zaman lazımdı. Nəticə istəyiriksə, başqa variant yoxdu. Amma hər futbolçu da hər məşqçiyə tez uyğunlaşa bilmir. Vaxt lazımdı - 2-3, ən azı 5 il. Futbolçuların hamısını tanıyıram, bəziləri mənlə oynayıb. Meydanda xarakter görmədim.

- Veteranların daha çox səsləndirdiyi fikir indiki futbolçularda mübarizə əzminin olmamasıdı. Axı sizin zamanınızda da böyükhesablı məğlubiyyətlər olurdu…
- Bizim vaxtımızda da uduzurduq. Amma çalışırdıq ki, özümüzü toparlayaq. Çünki təcrübəli oyunçular çox idi. Həm təcrübə, həm də texnika vardı. Bizim zamanımızda məşqçi qalırdı kənarda, oyunçular yığışırdıq ki, nəyə görə gəlirik? Biz bura pula yox, bayrağımızı uca etməyə gəlirik. Meydanda çıxıb döyüşürdük. Çünki ən çox da azərbaycanlılardıq. Maksimum iki-üç legioner olardı.

- Komandasında əsas heyət oyunçusu olub çağrılanlar sanki daha layiqincə mübarizə apardılar. Amma klublarında özünü yaxşı tərəfdən göstərənlər də milliyə kömək edə bilmədi.

- Başa düşürəm, məşqçi də birinci əsas heyətdə oynayanlara baxıb dəvət edir. Amma klub başqadı, millidəki sistem başqa. Yığmaya 7-10 günlük gedirsən, amma klubunda daimisən. Üstəlik də çempionatda komanda sayı azdı. Yəni eyni komandaya qarşı 4 dəfə oynayırsan. 15-20 komanda olsa, oyun sayı çox olar. Onda da istər-istəməz futbolçuya xeyri dəyər. Bir oyun 20-30 məşqə bərabərdi. İngiltərə çempionatında 4-5 gündən bir oyun var. Berti Foqtsun vaxtında Almaniya 3-4-cü liqasından oyunçu çağrılırdı. Yəni bizdə 1-ci, 2-ci liqaya da baxmaq lazımdı. Futbolçu nəticəyə ac olmalıdı. Heç kim sözümdən inciməsin, bilirik ki, doymuş futbolçu ilə oynamaq çətindi.

- Mahir Emreli Almaniyanın 2-ci bundesliqasında özünü yaxşı tərəfdən göstərir, yığmada isə oyunu alınmır.

- Mahir istedadlı futbolçudu. Orda məşqçi başqa, burda tam başqa taktika verir. Sistemlər ayrıdı. Ona görə də Mahirə məşqçi nə tapşırıq versə, onu yerinə yetirir.

-Hər iki oyunda meydanda əsasən “Qarabağ”ın oyunçularını gördük, onlar da kobud səhvlərə yol verdilər. Siz bu fikirlə razısız ki, “Qarabağ”ın milli oyunçuları da legionersiz uğur qazana bilməzdi?
- Baxın, Bədavi zədə alıb çıxdı. Bəhlul "Qarabağ"da başqa, millidə başqa üslubda oynayır. İstəyir tanınmış, istərsə də sıravi futbolçu olsun, milliyə çağrılıbsa, xarakter göstərməlidi, qurtardı-getdi. Milli ruh, xarakter və istək - ən azı bunlar üçü olmalıdı. Texnika və başqa şeylər sonra gələcək. Ən birinci milli ruh olmalıdı.

- Bu gün Azərbaycanda milliyə layiq olsa da, kənarda qalanlar varmı?

- Bəli. Potensiallı oyunçular çoxdu. Bəs xeyir verəcəkmi, onu meydana buraxsaq, andırarıq, yandırmarıq? Bu amillər də var. Zamiq Əliyevi gətirdilər, birdən-birə belə oyunda, belə hesabda verdilər qabağa, uşaq da sındı. Əlbəttə, stresə düşəcək. Azarkeş görməyib, Avropa oyunları görməyib, birdən-birə yox, yavaş-yavaş çıxarılmalıdı.

RÖYANƏ OĞUZ

Избранный
19
football-plus.az

1Источники