RU

Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bugünkü gündə tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Paytaxt ərazisində evlərin kirayə qiymətlərindən isə hər birimiz xəbərdarıq. Kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar. Bəs Bakıda yerləşən universitetlərin hamısının yataqxanası varmı? Yataqxanalar təhsilalanlara hansı şərtlərlə verilir?
Lent.az universitetlərin tələbə yataqxanaları ilə bağlı araşdırma aparıb.
Bakı Dövlət Universitetinin sorğumuza cavab olaraq bildirilib ki, BDU-nun müasir standartlara cavab verən "Tələbə evi"ndə hər bir şərait var:
"Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. "Tələbə evi" universitetə 1-2 dəqiqəlik məsafədə yerləşir. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş haqqı bir nəfər üçün 75 manatdır".
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) verilən məlumata görə, tələbələrin yaşayışı üçün nəzərdə tutulan 5 binalı kompleks bu gün tam gücü ilə tələbələrə xidmət göstərə bilmir:
"Bunun səbəbi isə 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma el-obalarından didərgin düşən vətəndaşlarımızın digər universitetlərdə olduğu kimi AzMİU-nun da yataqxanalarında məskunlaşmasıdır. Kompleksin 4 binası uzun illər onların istismarında olub. Yalnız bir bina tələbələrin ixtiyarındadır ki, burada da 450-yə yaxın tələbə yerləşdirmək mümkündür".
Məlumatda qeyd edilib ki, binada tələbələr üçün bütün şərait yaradılıb:
"Yataqxanamıza tələbələrin marağı çox yüksəkdir. 50 AZN təşkil edən aylıq ödəniş isə digər universitetlərin yataqxana qiymətləri ilə müqayisədə kifayət qədər rəqabətədavamlıdır. Bu məbləğ yataqxananın təsərrüfat xərclərinin qarşılanmasına, tələbələrin internet, çamaşırxana xidmətlərinə sərf olunur. Bununla belə, tələbələrin təxminən 20-25%-i şəhid və qazi ailələri, müharibə veteranları və xüsusi həssas qrupa daxil olanlardır ki, onlar ödənişdən azad ediliblər".
AzMİU tərəfindən bir nüans da diqqətə çatdırılıb ki, hansısa tələbənin ödəniş imkanı olmadıqda yataqxanadan çıxarılmır:
"Belə halda tələbə ərizə yazaraq rektora müraciət edir və onun ödənişi keçici olaraq universitetin ictimai təşkilatları vasitəsilə ödənilir".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil müəssisəsinin 320 nəfərlik yataqxanası fəaliyyət göstərir:
"Yataqxanada həm yerli, həm də əcnəbi tələbələr qalır. Bir otaqda 2 və ya 3 nəfər qala bilir. 2 nəfər qaldıqda hər biri 50 manat, 3 nəfər qaldıqda isə hər biri 34 manat ödəniş edir. Ortatəmirli olan yataqxanamızın yeni korpusunun inşa edilməsi ilə bağlı danışıqlar aparılır".
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, universitetin 5 yataqxanası var:
"Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək, tələbələrin istifadəsinə verilə biləcək".
Hazırda Azərbaycan Tibb Universitetində 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb:
"Yataqxanaların ümumi tutumu 1000 nəfərə yaxındır. 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prosesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 AZN, 2 nəfərlik otaqlar ayda 80 AZN, 3-4 nəfərlik otaqlar isə 60 AZN təşkil edir".
Verilən açıqlamada, həmçinin bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilirlər:
"Qazi uşaqlarına və I qrup əlil valideyni olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur".
Azərbaycan Dillər Universitetindən isə əməkdaşımıza bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub, 205 nəfərlikdir, xidmət haqqı 30 manat təşkil edir:
"Oğlanlar üçün isə 1 saylı yataqxana məcburi köçkünlər yerləşdirildiyi üçün hazırda tələbələr üçün fəaliyyət göstərmir. Lakin oradakı ailələr doğma yurda qayıtdıqdan sonra yataqxana təmir olunaraq tələbələrin istifadəsinə veriləcək".
Избранный
23
7
oxu.az

8Источники