RU

İsveçrə, Fransa və Almaniya BLOKNOTUM-1

İstanbul – Sürix təyyarəsi

İsveçrədən başladıq bu ilki Avropa səyahətimizi.

Türk Hava Yolları ilə bir dostumun “Avropanın çeçenləri” adlandırdığı isveçrəlilərin ən gözəl şəhərlərindən birinə uçuruq.

Üç saata yaxındır Sürixə uçuş müddəti.

Zaman tez keçsin deyə bir film axtarıram baxım.

Həyat yoldaşımın tövsiyyəsini dinləyəcəkdim ki, yan tərəfdəki qonşum diqqətimi çəkir.

Gənc afro-amerikalı özündən keçmiş halda başını yelləyir, bəlli ki, dinlədiyi musiqi çox xoşuna gəlir.

“Nə dinləyir görəsən” deyib yan baxışla onun monitoruna baxıram.

“Voise of Karabakh, Rain Sulatnov”…Necə mutlu olduğumu siz düşünün artıq.

Film seyr etməkdən vazkeçib mən də istedadlı caz sənətçisi Rain Sultanovun 2023-də çıxartdığı albomunu dinləməyə başlayıram…

15 parçadan ibarət 1 saat 25 dəqiqəlik bir caz şöləni.

Arxaya yastlanıb, gözümü bağladım, 5-ci parçada dikəlib monitora baxdım, “Şuşa” yazırdı, Alim Qasımovun dövrəyə girməsi ilə yenidən gözlərimi yumdum, bilmirəm haralara apardı mənə bu parça. Cezv olmuşdum…

Rain Sultanovu ölkəmizdə cazı populyarlaşdıran bir sənətkar kimi tanıyıram.

O, "Azərbaycan caz antologiyası" (2004) və "Azərbaycan cazının tarixi" (2015) kimi kitabların müəllifidir. Bəstəkar, ifaçı, təşkilatçı, naşir kimi bu tanınmış cazmenə olan hörmətim daha da artdı.

15 parçanı başdan sona qədər dinlədim, “Şuşa”, “Cəbrayıl” və “Qubadlı” kompozisiyalarına isə bir neçə dəfə qulaq asdım. Rain Sultanovun ona xas sakit, küysüz, şəffaf musiqisi, təmkinli keçidləri, təşvişdən uzaq tərzi məni yenə də ona valeh etdi...


Dünyanın 5 ən yaxşı hava limanından birinə çatanda kefimə deyəcək söz yox idi.

Beşcə dəqiqə içində pasport nəzarətindən keçib limandan çıxırıq.

Maşına minib pəncərələri aşağı salıram.

Günəşlidir, amma Sürixin billur kimi təmiz havasında qar qoxusu var.

Meteoroloji sabahdan havanın kəskin dəyişəcəyini proqnoz edir.

Qarlı havada sürücülük təcrübəm azdır.

Dostlarım rahat ol, burada yollar qar yağmadan təmizlənir deyirdilər.

A3 yolu ilə Sürihdən Rappersvill-Jona istiqamətinə hərəkət edirik.

Tanrı bu torpaqlara necə də səxavətli davranıb.

Hər şey əsrarəngiz və bihuşedicidir..

İsveçrənin bəxti hər sarıdan gətirib, xüsusilə də qonşuları ilə. Kimin belə qonşuları var düşünür insan – İtaliya, Fransa, Almaniya, Avstriya və Lixtenşteyn. Bir vaxtlar Azərbaycanı İsveçrə ilə müqayisə etməyə təşəbbüs edirdilər. Hələ o zamanlar belə “Bir onların qonşularına baxın, bir də bizim” deyir və əslində bununla da daha önəmli müqayisələrdən qaçırdım.

Sürihdən A3 yolu ilə Aynziedeln (alm. Einsiedeln) istiqamətini tuturuq. Mən maşının ekranından, yoldaşım isə telefondan naviqasiyaya baxırıq sürəkli.

Cəmi 40 km-dir bu sirli şəhərə. Dağ aşırımları ilə uzanan serpantinlərlə bu məsafəni bir saata ancaq qət edəcəyik.

Horgenə çataçatda qar şiddətlənir.

Dəmir yolu keçidində şlaqbaumun açılışını gözləyirik. Sağ tərəfdəki kiçik qəsəbə məktəbindən yanaqları qıpqırmızı uşaqlar tənəffüsdə özlərini ilk qarın içinə atırlar. Qarlar və dağlar ölkəsinin üç-dörd min metr yüksəklikdə yaşayan çocuqları sanki heç qar görməyiblər. Havada qartopları uçuşmağa başlayır. Mutlu dağların mutlu balaları…

Keçid hələ də qapalıdır. “Bu nə marşrutddur tutubsan” deyə həyat yoldaşıma sitəm edirəm (oxu: deyinirəm). “Birazdan sənə hazırladığım ilk sürprizi görəcəksən”, – sakitcə cavab verir…

(davamı var)

Избранный
25
1
modern.az

2Источники