RU

Fransa Ermənistanı həm də Yunanıstanın əli ilə silahlandırır

Azərbaycanın karbohidrogen məhsullarından yararlanan ölkənin işğalçıya silah satması qəbuledilməzdir

Ermənistan sözdə sülh danışıqlarından danışsa da son bir neçə ayda silahlanmaya üstünlük verməsi göstərir ki, bu məsələdə hələ də manipulyasiya edir. Xatırladaq ki, əvvəlcə hayları silahlandıran ölkələr Fransa və Hindistan idi. Artıq onların sırasına biri də qoşulub. Bu, Yunanıstandır. Ötən gün xarici mətbuatın yaydığı məlumata görə, Yunanıstan Hayastana Rusiya istehsalı olan «S-300» zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan «TOR-M1» və «OSA» zenit kompleksləri göndərəcək. Məlumatda o da bildirilir ki, həmin silah və sursatlar məhz Fransanın təşəbbüsü ilə Ermənistana verilir. Yunanıstan isə bunun əvəzində İsrail istehsalı olan kompleksləri alacaq. Halbuki, rəsmi Afina bildirmişdi ki, həmin silahları  Ukraynaya göndərəcək.

Hər bir ölkənin öz ordusunu silahlandırması təbii haldır. Ancaq məlumdur ki, indi Ermənistan elə bir zəif durumdadır ki, bu qədər silah almağa gücü çatmaz. Anlaşılan odur ki, rəsmi Afina rəsmi Parisin sifarişlərini yerinə yetirirsə demək, elə maliyyəni də Makron hökuməti ödəyir.

Bu həmin Yunanıstandır ki, Azərbaycan Avropaya  neft və qaz nəqlini  məhz bu ölkədən keçən boru xətləri ilə reallaşdırır. Yəni, əfsanəvi Heraklın, Aristotelin qədim vətəni bu gün Azərbaycanın karbohidrogen məhsullarından yararlanan bir ölkədir. Ona görə də Yunanıstan ən azı diplomatik etika və davranışlara görə Cənubi Qafqazın ən barbar və işğalçı ölkəsi olan Ermənistana silah satmamalı idi.

Ancaq görünən odur ki, Avropadakı bir çox ölkələr kimi Yunanıstan da Fransanın qulbeçəsi rolundadır. Biz bunu hələ ötən illərdə qardaş Türkiyə ilə Yunanıstan arasındakı gərginlikdə də hiss etdik, Həmin vaxtlarda Fransa açıq- aşkar şəkildə Yunanıstanı dəstəklədi və ona hərbi təyyarələr verəcəyini bildirdi.

Son 10 ildə Yunanıstandakı ağır iqtisadi vəziyyət bu ölkədə həm də hakimiyyət dəyişikliklərini tezləşdirirdi. Xüsusilə fasiləsiz davam edən tətillər və qarşıdurmalar Yunanıstanı ciddi şəkildə zəiflətmişdi. Belə bir vəziyyətdə heç də güclü hesab edilməyən «S-300» zenit-raket komplekslərini, habelə quru qoşunları üçün nəzərdə tutulan «TOR-M1» və «OSA» zenit komplekslərini Ermənistana satmaq öz iqtisadiyyatını Fransanın hesabına düzəltməyə cəhddir. Xatırladaq ki, hələ İkinci Qarabağ müharibəsində də Ermənistan «S-300» zenit-raket komplekslərinə malik idi. Ancaq ordumuz onları elə yerindəcə məhv etmişdi.

Ermənistanı hər vasitə ilə silahlandırmağa çalışan Fransa Azərbaycanın bölgədəki üstünlüyünü qəbul etmək istəmir. Makron hakimiyyəti davamlı olaraq sülh prosesinə mane olmaqla Ermənistanda revanşizmə dəstək verir. Xüsusilə Avropa İttifaqının işğalçı ölkədəki müşahidə missiyası Fransanın patronajlığı ilə Azərbaycan əleyhinə bəyanatlar yağdırmaqla Ermənistana «ayı xidməti» göstərir.

Sözügedən missiyanın ermənipərəst fəaliyyəti  ilə bağlı Azərbaycan dövləti  bir neçə dəfə narazılığını rəsmi şəkildə bildirib. Belə ki, Prezident İlham Əliyev 2024-cü ilin oktyabrın 14-də Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu məsələ barədə deyib ki, ölkəmizlə Avropa İttifaqının münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası Avropa müşahidəçilər missiyasının müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır. Ölkəmizin başçısı buna heç bir ehtiyacın olmadığını vurğulamışdır.

Əslində, sözügedən müşahidə missiyası daha çox Fransanın təşəbbüsüdür. Məqsəd Cənubi Qafqaza soxulmaq və Ermənistanı öz təsiri altında saxlamaqdır. Amma alınmayacaq. Çünki bununla Ermənistan özünü Rusiya, ABŞ və Fransa kimi dövlətlərin toqquşan maraqlarına qurban vermiş olacaq.

Elçin Zaman, "İki sahil"

Избранный
24
ikisahil.az

1Источники