RU

Rəsmi İrəvan və Aİİ platforması

Qurumun Sankt-Peterburq zirvə toplantısına hazırlığı

Ermənistan üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqının sədridir. Söhbət rotasiya qaydasındakı bir illik sədrlikdən gedir və onun müddəti dekabrda bitir. Daha dəqiq desək, bu il dekabrın 25-də.

Qeyd edək ki, Ermənistan sədrliyi ötən il Rusiyadan Aİİ-nin Sankt-Peterburqda keçirilmiş toplantısında təhvil almışdı. Əslində, növbəti, yəni builki toplantı İrəvanda olmalı idi. Amma orada keçirilməyəcək. Çünki Ermənistan rəhbərliyi tədbirin Rusiyada təşkilini xahiş edib. Əlbəttə, az ehtimal var ki, İrəvanın xahişi etika xatirinədir. Nəzərə alaq ki, Aİİ bu il 10 illiyini qeyd edir və kiçik yubileyin qurumda ağırlıq mərkəzinə sahib ölkədə təşkilində məntiq var. Amma…

Əmması budur ki, Ermənistan rəhbərliyinin, prinsipcə, Aİİ üzvlərini İrəvanda görmək istəyi yoxdur. Təsəvvür edin, Ali Avrasiya İqtisadi Şurasının iclası Ermənistanın paytaxtında təşkil olunur və tədbirə Rusiya Prezidenti Vladimir Putinin gəlməsi mütləqdir. O Putinin ki, İrəvanın qoşulduğu Roma statutuna görə ölkəyə daxil olacağı təqdirdə saxlanılmalıdır. Çünki Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə dair order çıxarıb.

Ermənistan rəhbərliyinin Putinin həbsi üçün cəsarəti çatmaz. Həbsin olmaması isə Qərbin xoşuna gəlməyəcək. Üstəlik, baş nazir Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonu görməyə gözü yoxdur. Yada salaq ki, Lukaşenkonun Şuşaya səfərinin isti notlarla yadda qalması Ermənistanda böyük hay-küy doğurmuşdu və bu vay-şivən fonunda Nikol rəsmi Minsklə, az qala, diplomatik əlaqələrin kəsiləcəyi effekti verən bəyanatlar səsləndirmişdi. O demişdi ki, özü Belarusa getmir və heç bir erməni məmurunun da ora yollanmasına razı deyil, bununla əlaqədar müvafiq göstəriş verib.

Bəli, Ali Avrasiya Şurasının sammitinin Sankt-Peterburqda keçirilməsi Ermənistana məhz qeyd etdiyimiz səbəblərdən sərfəlidir. Baxmayaraq ki, iclasa sədrliyi N.Paşinyan etməlidir və edəcək də. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinq zamanı deyib. Paşinyan sədrlik postundan necə istifadə edəcək, maraqlıdır. Hər halda, yaxşı heç nə gözləməyə dəyməz. Çünki sabiq sovet respublikalarını bir araya gətirən platformaların Ermənistan üçün siyasi diskomfort yaşatdığını görürük. Məsələn, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarını boykot yolunu tutur, erməni rəsmilər MDB çərçivəsindəki toplantılara bir o qədər maraq göstərmirlər.

Əlbəttə, Ermənistan – Aİİ əməkdaşlığındakı mənfi çalarlardan danışmağa dəyməz. Çünki onlar, ilk baxışdan, yox dərəcəsindədir. Görünür, İrəvanda oturduqları budağın kəsilməsinin düzgün olmadığını düşünənlər hələ qalıb. Həm də ona görə ki, Rusiya – Ermənistan gizli əməkdaşlığı var. Söhbət sanksiya altında olan rus mallarının Ermənistan vasitəsilə xarici ölkələrə daşınmasından gedir. Hər iki tərəf bunu ölkələr arasında ticarət dövriyyəsinin artımı kimi qiymətləndirir. Amma, faktiki olaraq, ortada dövlət səviyyəsində gerçəkləşdirilən qaçaqmalçılıq əməli var. Nəzərə alaq ki, Ermənistan, həmçinin, xaricdən Rusiyaya daşınması yasaqlanmış malların da ölkəyə çatdırılmasını təmin edir. Bunu Paşinyan hakimiyyətini dəstəkləyən Qərb dairələri gözəl bilsələr də, susurlar. Ona görə ki, Ermənistanı saxlamaq üçün əllərini ciblərinə atmaq çətinliyindən qurtulublar. Vəziyyət nə vəxtadək sürəcək, müəyyən deyil. Çünki Rusiya – Ukrayna müharibəsi davam edir və el dili ilə ifadə etsək, bu xəmir hələ çox su aparacaq.

Əlqərəz, Aİİ Ermənistan üçün vacib iqtisadi platforma kimi cəlbediciliyini saxlamaqdadır. Amma demək olmaz ki, Paşinyan ölkəsinin anti-Rusiya ritorikasını bu platformaya daşımağı düşünməyib. Düşünüb və bunun ayrı-ayrı elementləri Nikolun Ali Avrasiya İqtisadi Şurasının ötən il dekabrın 25-də Sankt-Peterburqda keçirilmiş iclasında özünü göstərmişdi. Erməni baş nazir həmin iclasdakı çıxışında bildirmişdi ki, Aİİ-nin yaradılmasına dair saziş qurumun iqtisadi birlik olması ilə bağlı fundamental postulata əsaslanır və onun siyasi gündəmi olmamalıdır.

N.Paşinyan bildirmək istəmişdi ki, Ermənistan siyasi anlamda Qərb düşərgəsi ilə həmrəydir. Yəni, o, bir il əvvəl Rusiyanın platformasında Qərbə sadiqlik mesajı vermişdi. Bu, o demək idi ki, Aİİ-də təmsilçilik Ermənistan üçün yalnız iqtisadi müstəvidə əhəmiyyətlidir. İkincisi, hazırda Ermənistan iqtisadi inkişaf tempi ilə öyünür. Bu inkişafdakı dövlət qaçaqmalçılığı seqmentini vurğuladıq. Ümumən isə Rusiyadan Ermənistana daxilolmaların səviyyəsi də yüksəkdir.

Paşinyan bu reallğı bilsə də, həyasızlığa üstünlük verir və bir il əvvəl də eyni cür davranmışdı. Belə yanaşma, müəyyən mənada, qabaqdangəlmişlikdir. Çünki Nikol Kremlin Ermənistanı öz orbitinə qaytarmaq istəyindən agahdır və ümid etmişdi ki, bu istək birincini ikinciyə qarşı sərt tədbirlərdən daşındıracaq. Ona görə də yuxarıda vurğuladığımız şərt dilini işə salmışdı.

Bəli, bu gün də Moskva İrəvanı itirmək istəmir. Ona görə də Aİİ platformasını onun üçün açıq saxlayır. Bir il əvvəl də elə idi. Ona görə üzünü tamamilə Qərbə çevirmiş Ermənistan hakimiyyətinin Aİİ-ni sırf iqtisadi təşkilat kimi qələmə verib həyasızlığa baş vurmasına dözmüşdü. Qərb isə düşünmüşdü ki, Ermənistandakı 2018-ci il inqilabının nəticələrini Rusiyanın qlobal industriyasının maliyyəsi hesabına qoruyub-saxlasın və bu barədə söz açdıq. Nəzərə alaq ki, Qərb indi də Rusiyanın Ermənistana yenidən yiyələnmək sevdası üzərinə oyun qurur.

Amma düşünək ki, Aİİ-də təmsil olunan, indilik ona sədrliyi həyata keçirən Ermənistan anti-Rusiya ritorikasındakı dozanı daha yüksək fazaya qaldırır. Məhz o zaman N.Paşinyan Aİİ-nin sırf iqtisadi zəminli təşkilat olması fikrini tirajlamaqla, qurumu gözdən salmağa girişəcək və daha gur səslə deyəcək ki, Aİİ-nin geosiyasi gündəmi olmamalıdır.

Aydın məsələdir ki, Aİİ postsovet məkanında Qərbin analoji təsisatlarına alternativ məqsədilə yaradılmış qurumdur. Bu qurumda geosiyasi gündəmin istisnalılığını vurğulamaq təsəvvürə gətirilməyəcək qədər sərsəm mahiyyətli tezisdir. Amma erməni iqtidarı üçün hər cür sərsəmlik yolveriləndir. Sərsəmliyin daha bir göstəricisi var. Məsələn, Ermənistanın baş naziri ötən il Aİİ-nin 2030–2045-ci illər üçün iqtisadi proseslərin gələcək inkişafı haqqında bəyannaməsinin imzalanması zərurətindən söz açarkən, daha doğrusu, qurumun inkişafının konseptual və prioritet istiqamətlərinə əsaslanmış bəyannamə barədə demişdi: “Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir. Ticarət və inteqrasiyanın əsas azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və məhdudlaşdırılmamalıdır. Bu, birləşmənin fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq”.

N.Paşinyanın ötən ilki fikirlərindən belə qənaətə gəlmək mümkündür ki, Ermənistanın Aİİ-yə sədrliyi təşkilatın içinə qoyulmuş bomba kimi bir şey idi. O da məlum idi ki, Paşinyan iqtidarı Rusiyanın hakim rol oynadığı və özünün də təmsil olunduğu bütün təşkilatların işini iflic etməyə, əhəmiyyətini heçə endirməyə çalışdığı kimi, bu qurumu da siyasi ambisiyalarının reallaşdırılması vasitəsinə çevirməyə cəhd göstərəcək. Ancaq göründüyü kimi, ötən bir ildə Rusiya Nikolun oyunbazlığına təmkinlə yanaşdı. Nəticədə Paşinyanın anti-Rusiya ritorikasının Aİİ səngəri işlək olmadı. Belədə sual yaranır: Dekabrın 25-də Sankt-Peterburqda nə olacaq? Daha doğrusu, Ermənistan özünü necə aparacaq? Bunu isə əlahəzrət zaman göstərəcək. Yaşayarıq görərik.

Ə.CAHANGİROĞLU
XQ

Избранный
13
xalqqazeti.az

1Источники